Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4777/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X2 böyük məsləhətçi müfəttişi X7, “X9 Şirkəti”nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, “X9 Şirkəti” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X9 Şirkəti” barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X2 böyük məsləhətçi müfəttişi X10 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyət göstərən “X9 Şirkəti”nin daxilində yerləşən sanitar qovşaqda formalaşan tullantı sularının xx.xx.2025-ci il tarixədək boru vasitəsilə şirkətin ərazisindən çölə, oradan isə həmin ərazidən keçən Xanarx suvarma kanalına axıdıldığından şirkət Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X10 ifadəsində bildirmişdir ki, sərəncam əsasında əraziyə baxış keçirilən zaman ünvan 1 ünvanında yerləşən “X9 Şirkəti”nin xarici divarından plastik boru çıxdığı müəyyən olunmuş, həmin boru vasitəsi ilə şirkətin içərisindəki sanitar qovşağındakı çirkab suyun əvvəl əraziyə, oradan da suvarma kanala axıdıldığı müəyyən edilmişdi. O, məhkəmə iclasına sədrlik edənin sualına cavab olaraq “X9 Şirkəti”nin kərpic istehsalı ilə məşğul olduğunu bildirərək protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında “X9 Şirkəti”nin nümayəndəsi X8 çıxışında protokolla razılaşdığını və hüquqi şəxsin barəsində tərtib edilmiş protokoldan sonra inzibatı xətanı aradan qaldırıldığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, “X9 Şirkəti” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla “X9 Şirkəti” tərəfindən inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 262.2.3. maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə “X9 Şirkəti”nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, “X9 Şirkəti” tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, “X9 Şirkəti” barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: “X9 Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 2000 (iki min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4777/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4777/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver