Məhkəmə qərarları › İş №3(125)-4809/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4809/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4809/2025 23.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X2, tələbkar şəxs X8, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1993cü ildə ünvan 1 ünvanında yaşayan Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2615/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 220 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən “İcra Haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsinə baxmayaraq icra sənədində göstərilən tələb icra edilməmişdir. Hal-hazırda Şəxs aliment borcu 2783 manat təşkil edir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında icra məmuru X6 ifadəsində protokolun məzmununa uyğun ifadə verərək məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, hər ay 220 manat aliment borcu ilə yanaşı 80 manat da yığılan borcundan ödəniş edir. O, atasının xəstəliyi ilə bağlı müəyyən müddət işsiz qaldığı üçün aliment borcunun yığıldığını və borcunu hər ay 300- 500 manat olmaqla ödəyə biləcəyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 ifadəsində bildirmişdir ki, övladının təhsil haqqını ödəməsi üçün borc məbləğin tam şəkildə ödənməsi vacibdir. Buna görə Şəxs borcunu tələb etdiyini, əks halda isə onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: - 23 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2615/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. - Şəxs İcra idarəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, borcunu ödəməməsini işsiz olması ilə əsaslandırmışdır. - xx.xx.2023-cü il tarixli “icrata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, borcunu ödəməməsini işsiz olması ilə əsaslandırmışdır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbi könüllü icra üçün müəyyən olunan vaxtda icra etmədiyi halda barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır. - Şəxs İcra idarəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə borcundan 300 manat ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X3 şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs bugünə qədər borcundan müəyyən məbləğdə ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 23 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar