Məhkəmə qərarları › İş №3(125)-4859/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4859/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4859/2025 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət verən X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli EQ 32650526 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32650526 nömrəli inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedes Benz ML250” minik markalı ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə özünə məxsusdur. Həmin avtomobillə Gəncə şəhəri, Atatürk prospektində xx.xx.2025-ci il tarxində saat 08:22 radələrində “Referans” Klinikasının qarşısında park etdiyinə görə İXMnin 346.9-cu maddəsi ilə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə qaydalarının pozulması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60 (altmış yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş cərimə ilə razı deyil, çünki, qərar Yol Hərəkəti haqqında qanuna zidd olaraq tərtib edilmişdir. Belə ki, yol polisi əməkdaşı avtomobilin şəklini çəkmiş və həmin ərazidə dayanmanı səkidə dayanma kimi təqdim edərək inzibati protokol tərtib etmişdir (EQ********). Halbuki, qeyd olunan ərazi nə nəqliyyat vasitələrinin hərəkət hissəsidir nə də ki, piyadalar üçün nəzərdə tutulmuş hərəkət istiqamətidir. Avtomobilin saxlanıldığı yer nə səkidir, nə də hərəkət hissəsidir. Bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək barəsində çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli EQ 32650526 saylı inzibati xəta haqqında iş üzrə qərarda qeyd olunmuşdur ki, X2 xx.xx.2025-ci il tarxdə saat 08:22-də “Mercedes Benz ML250” minik markalı ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhəri, Atatürk prospektində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 45-ci maddəsinin İ hissəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqan X1 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş hadisə yerinin fotoşəkillərinə məhkəmə iclasında baxılan zaman bu hal istisna olunur. Belə ki, həmin materiallardan aydın olduğu kimi X1 idarə etdiyi nəqliyyat vasitəsi dayandığı yer (sahə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səki anlayışını özündə ehtiva etmir. Yəni, sözügedən ərazidə bu məqsədilə yol nişanları və göstəriciləri quraşdırılmamışdır. Belə olduğu təqdirdə piyadaların təhlükəsiz hərəkət etməsi qeyri-mümkündür və bu hal özlüyündə şəxsin İXM-in 346.9-cu maddəsi ilə məsuliyyətini istisna edir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Gəncə Şəhər Məhkəməsinin məktubu ilə Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Bununla da məhkəmə hesab edir ki, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32650526 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32650526 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli EQ 32650526 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar