Məhkəmə qərarları › İş №3(125)-491/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-491/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-491/2022 30.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 342.9 və 329.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş Şəxs İXM-nin 342.9 və 329.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2022-ci il tarixdə “Mercedes Benz” E220 CDİ minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 342.9 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Bu hissədə məhkəmə hesab edir ki, inzibati cərimə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, protokola Şəxs məxsus “Mercedes Benz” E220 CDİ minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən çoxavazlı səs siqnalının sökülərək götürülməsi ilə bağlı onu təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Şəxs idarə etdiyi avtomobildə qanunla istifadəsi məhdudlaşdırılmış çoxavazlı səs siqnalını yerləşdirməklə ondan istifadə etməsi faktını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 342.9 və 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material natamamlıqların aradan qaldırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 342.9 və 329.1-ci maddələri ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsi X2 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar