Məhkəmə qərarları › İş №3(125)-496/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-496/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-496/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X7 barəsində tərtib olunmuş xx.xx.2022-ci i tarixli EQ 11477371 nömrəli elektron qərardan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:28:17-də idarə etdiyi “VAZ 21074” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən Gəncə şəhəri Aqil Məmmədov küçəsi 37 ünvanda idarə etmişdir. Bu barədə barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli EQ 11477371 nömrəli elektron qərar qanun pozuntusu ilə tərtib olunmuşdur. Belə ki, İXM-nin 339.1-1-ci maddəsinə görə, Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Elektron qərara əlavə olunmuş fotoşəkildən də görünür ki, X3 şəhəri Aqil Məmmədov küçəsi 37 ünvanda “VAZ 21074” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmişdir. Nəqliyyat vasitəsi dayanmış vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısının açıq olduğu fotoşəkildən aydın görünür. Fotoşəkilin çəkildiyi yer daş bazarının içi olmuşdur və nəqliyyat vasitəsi nəqliyyat yolunda olmamışdır. X2 nəqliyyat vasitəsini xeyli müddətdir ki, idarə etmir. İnzibati xəta hadisəsi olmadığına inzibati xəta haqqında iş icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X6 Alim oğlu şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, uzun müddətdir psixi vəziyyətinin gərgin olması səbəbindən avtonəqliyyat vasitəsini idarə edə bilmir. Belə ki, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə kəllə nahiyyəsindən aldığı zədə nəticəsində onda unutqanlıq və fikir dağınıqlığı aşkarlandığına görə hərbi həkim komissiyası tərəfindən ona avtonəqliyyat vasitəsini ümumiyyətlə idarə etməmək tövsiyyə olunmuşdur. Ona görə də nəqliyyat vasitəsini daş bazarı kimi tanınan yerin yaxınlığında saxlayaraq onu sürmür. Onun müharibədə iştirakı nəticəsində yaranmış sağlamlıq pozuntularını, nəqliyyat vasitəsini idarə etməməsini nəzərə alaraq, məhkəmədən şikayətin təmin edilməsini və barəsində qanunsuz olaraq tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır İş materiallarında olan xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X7 barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş foto şəkillərdə kameranın nömrəsi, xətanın növü və yeri, saat, avtomobilin markası və qeyddiyat nömrəsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İ-42626 və İ-8353 nömrəli medal vəsiqələrinin surətlərindən görünür ki, X7 44 günlük Vətən Müharibəsi iştirakçısı olmuş, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Şikayətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda kameranın nömrəsi qeyd olunsa da, tipi, markası və modeli qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.11-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 11147371 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və onun barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar