Məhkəmə qərarları › İş №3(125)-499/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-499/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-499/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 mart.2023-cü il və 05 mart 2023-cü il tarixlərdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində yerləşən “Araz Supermarket” marketdən hər dəfə 2 banka olmaqla cəmi 4 banka balı oğurlayaraq, birinin qiyməti 16 manat olmaqla ümumilikdə 64 manat məbləğində ziyan vurmaqla, xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 çıxış edərək bildirdi ki, Şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində yerləşən Araz Supermarketdən 03 mart 2023-cü il və 05 mart 2023-cüil tarixdə hər dəfə 2 banka olmaqla cəmi 4 banka bal oğurlamış və əməlində cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətanı törətməsini səmimi etiraf edərək, bildirdi ki, o, heç bir yerdə işləmir, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkir və o, oğlu yataq xəstəsi olduğu üçün onun bal istəyini həyata keçirmək məqsədi ilə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. O, 03 mart 2023-cü il və 05 mart 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində yerləşən Araz Supermarketdən hər dəfə 2 ədəd olmaqla cəmi 4 ədəd bankada olan balı oğurlamışdır. Törətdiyi əməllərə görə çox peşmandır və hazırda maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Onun xəstə övladının olmasını və ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə göndərilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibait məsulyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, ailə vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, hazırkı işin hallarını, həmçinin ilk dəfə xırda talama törətməsini nəzərə alaraq ona ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bаrəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərаrın icrаsı Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar