Məhkəmə qərarları › İş №3(125)-505/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-505/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-505/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospektində yerləşən körpüdən Göygöl rayonu istiqamətindən gedib, avtomobili geriyə tərəf hərəkət etdirən zaman piyada Zərərçəkmiş şəxs vuraraq ona sol bazu nahiyəsinin yarası, sağ dirsək, sol diz oynağı nahiyələrinin sıyrıqları, sol bayır topuq oynağı nahiyəsinin qançırı xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, “Chevrolet Aveo” markalı **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Bakı şəhərinə gedən zaman Zazalı postuna çatmamış körpünü qalxmaq istəmiş, yolu tanımadığı üçün körüpünün sağ hissəsində olan yola tərəf dönmüş, təxminən 20-30 metr həmin yolla gedən zaman həmin yolun Bakı şəhərinə getmədiyini görmüş, ona görə də avtomobili saxlayıb arxaya tərəf avtomobili hərəkət etdirən zaman avtomobilin arxasında olan piyada, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs vurmuş, sonra isə hadisəni DYP postunda qeydiyyatdan keçirəndən sonra piyadanı Gəncə Beynəlxalq xəstəxanasına aparmışdır. Hadisədən əvvəl avtomobili saatda 20 km/saat sürətlə arxaya tərəf hərəkət etdirmiş və piyadanın avtomobil yolunu keçməsini görməmişdir. Hadisənin baş verməsinə səbəb isə onun ehtiyyatsızlığı olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi zərəri tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş AC 506450 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 20 iyul 2022-ci il tarixli 1238 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə aralarında barışıq əldə olunmuş, ona dəymiş zərər tam ödənilmiş və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X4 Qanunun tələblərini pozaraq İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar