Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-529/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (tələbkar) X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 000 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bugünkü tarixədək yaranmış 99 835 manat borcu var. Borclu sonuncu izahatında 15 manat pul ödəyə bildiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bundan əlavə olaraq borclu Şəxs çağırışlara gəlmədiyindən borclu barəsində məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu məcburi gətirmə qərarı ilə polis vasitəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, icra sənədini icra etməmişdir. O, hazırda borcundan tələbkara 15 manat ödəniş edə biləcəyini bildirmişdir. Hal-hazırda borclu Şəxs borcu 99835 (doxsan doqquz min səkkiz yüz otuz beş) manat məbləğində təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Hazırda maddi vəziyyəti yaxşı olmadığından borcunu tam ödəməkdə çətinlik çəkir. İndiyə qədər zərərçəkmiş şəxsə 165 manat ödəniş etmişdir. Hazırda isə borcundan 15 manat ödəniş edə bilər. Həmçinin o, qətnamənin icrasına möhlət verilməsi ilə bağlı Göyğöl Rayon Məhkəməsinə müraciət etmişdir. Ona möhlət verilərsə qalan borcunu da tam ödəyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs borcunu qərəzli olaraq ödəmir. Şəxs 100 000 manat borcun qarşılığında ödədiyini bildirdiyi 165 manat pulun isə hara və hansı hesaba ödənildiyindən məlumatı yoxdur. Borclu borcunu tam şəkildə ödəmədiyinə görə o, bir neçə ildir ki, qızı ilə birlikdə evsiz qalaraq çox əziyyət çəkir. Ona görə də hazırda Şəxs ona olan borcunu tam şəkildə ödəməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs kredit müqaviləsi üzrə müəyyən olunmuş 100000 (bir yüz min) manat borc tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 8(125)-468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-3487/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-519/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3487/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş inzibati həbsin müddətinin 8 (səkkiz) günə endirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü Vaqif və xx.xx.2010-cu il təvəllüdlü Mehriban adlı iki yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)- 673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs borcunu icra sənədi ilə müəyyən edilmiş qaydada ödəməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla borcun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, pul borcu ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Həmçinin, məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 05 fevral 2025-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-529/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-529/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver