Məhkəmə qərarları › İş №3(125)-530/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-530/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-530/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-2651/22 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına X3 tapşırığına əsasən Türkiyə Respublikasında yerləşən “ETİ Aluminyum” şirkətindən idxal olun 94315355, 94343910, 94303187, 94282753, 94322302, 94316957 və 94282605 nömrəli 7 (yeddi) vaqonda “Elektroliz qurğuları üçün X4” yükü xx.xx.2022-ci il tarixli tarixdə “Böyük Kəsik” gömrük postundan təyinatı üzrə Gəncə şəhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 10.08,2022-ci il tarixdə **********0031 saylı gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir, xx.xx.2022-ci il tarixdə **********0031 saylı gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri Qərb Ərazi Bas Gömrük İdarəsində aşkar olundu ki, Şəxs MMC-nin ünvanına 7 (yeddi) vaqonda «Elektroliz qurduları üçün X4» yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, qısa idxal bəyənnaməsinin vaxtında verilməməsinin səbəbi yük göndərən şirkət tərəfindən bəzi sənədlərin vaxtında verilməməsi olmuşdur. Hüquqi şəxs olaraq gömrük qaydalarını pozduqlarını etiraf edirlər və tətbiq ediləcək cərimə ödəməyə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********0031 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 7 vaqonda gələn “elektroliz qurğuları üçün elektrodlar və anod blokları” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin həm inzibati araşdırma zamanı həm də məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar