Məhkəmə qərarları › İş №3(125)-533/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-533/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-533/2025 07.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 6874 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 04 aprel 2024-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya 29 aprel 2024-cü il, 30 may 2024-cü il, 28 iyun 2024-cü il və 09 avqust 2024-cü il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Borclu Şəxs 03 dekabr 2024-cü il tarixli izahatında hər ay yalnız 200 manat ödəməklə borcu bağlamağa imkanı olduğunu bildirmişdir. Hazırda borclunun 5774 (beş min yeddi yüz yetmiş dörd) manat borcu vardır. Qeyd olunanlara əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında 300 manat ödəniş etdiyini, hazırda borcu tam şəkildə ödəməyə maddi imkanı olmadığını və oğluna məxsus avtomobil satıldıqdan sonra borcu ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 hissə-hissə ödənişə razı olmayaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə olan borcu tam ödəmir, 5774 manat borcu qalıb. - Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi Şəxs 6764 manat məbləğində borc və 110 manat mediasiya xərci "xxxx"ASC-yə ödənilməsi və 87,64 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktublarından görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - borclu şəxsin Şəxs icra idarəsində verdiyi izahatından görünür ki, borcu tam ödəməyə imkanı olmadığını və hər ay borcundan 200 manat ödəniş edəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar