Məhkəmə qərarları › İş №3(125)-535/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-535/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-535/2022 02.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin RPİ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs Gəncə şəhər DYP-nin əməkdaşları yol hərəkət qaydasını pozduğuna görə saxlamış, bu zaman o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Tantuni deyilən ərazidə yol polis əməkdaşı onun idarə etdiyi maşını saxlayaraq, onun təhlükəsizlik kəməri taxmadığını bildirmiş və ona cərimə tətbiq etmək istəmişdir. Bu zaman o həqiqətən təhlükəsizlik kəmərini taxmamışdır. Lakin, Mürşüd adlı polis əməkdaşı onunla kobud rəftar etdiyinə görə aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt o, heç bir qanun pozuntusuna yol verməmişdir, polis əməkdaşı ona qarşı hər hansı qanuni tələb irəli sürməmişdir. Sözlü mübahisə zamanı Mürşüd adlı polis əməkdaşı post patrul xidmətini oraya dəvət etmişdir. Post patrul xidmətinin əməkdaşları gəldikdə isə o, heç bir etiraz etmədən patrul avtomobilinə əyləşərək polis şöbəsinə getmişdir. Polis Şöbəsində olarkən Mürşüd adlı polis əməkdaşı da oraya gəlmiş və şöbənin həyətində onun başına oyun açacağı ilə onu hədələmişdir. Mürşüd adlı polis əməkdaşı tərəfindən ona qarşı hər hansı qanuni tələbin irəli sürülməməsini, əksinə polis əməkdaşının onunla kobud şəkildə rəftar etməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 02 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər DYP əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman X6 əməkdaşı onun idarə etdiyi maşını saxlayaraq, ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimə yazılacağını bildirmişdir. Bu zaman onlar arasında sözlü mübahisə yaranmış və nəticədə Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə polis əməkdaşının Şəxs qarşı hər hansı formada “qanuni tələb” irəli sürməsini, onu nizam intizama dəvət etməsini təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, “Yol Patrul Xidməti haqqında” Təlimatın 4.7-ci bəndində göstərilir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Lakin, YPX xidmətinin inspektoru tərəfindən sürücü Şəxsla aralarında aparılmış danışığı əks etdirən, inspektor tərəfindən sürücünün nizam intizama dəvət edilməsi ilə bağlı “qanuni tələb” irəli sürülməsini təsdiq edən video və ya səs yazısı materiala əlavə edilməmiş, məhkəmə baxışı zamanı bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar