Məhkəmə qərarları › İş №3(125)-540/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-540/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-540/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Gəncə-Daşkəsən RŞ-nin ******* saylı 23 avqust 2022ci il tarixli inzibati xəta haqqında qərarına əsasən, o, Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, o, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Gəncə şəhərində fəaliyyət göstərən “London” kafesini işlədir. Şahid ona müraciət edərək "London” kafesində işləmək istədiyini bildirdi. O, hazırda işçilərin sayının yetərli olması səbəbindən onu işə götürə bilmədiyini bildirdi. Bir neçə aya iş yeri boşalacağı təqdirdə onunla əmək müqaviləsi bağlaya biləcəyini bildirdi. Belə olduqda Şahid ona təklif etdi ki, günün bütün iş saatları işdə qalmaq şərti ilə müəyyən xidmətləri göstərə bilər. Beləliklə də işi öyrənə bilər, gələcəkdə əmək müqaviləsi bağlanan zaman da hər iki tərəf bir-birini yaxşı tanıdığı üçün münbit şərait yaranmış olar. O, Şahidı əmək müqaviləsi olmadan işlətmək istəmədikdə ona bildirdi ki, onun VÖEN-i var və onunla xidmət müqaviləsi bağlanıla bilər. Günün müəyyən saatlarında kafedə xidmət göstərə bilər. Bu zaman əmək müqaviləsində göstərilən iş saatları və sair hallar ona şamil edilməyəcəkdir. Yalnız müəyyən xidmətlər göstəriləcək və bu xidməti başa çatdırdıqdan sonra oradan istədiyi vaxt ayrılacaqdır. Şahid ********** saylı VÖEN-i işlək vəziyyətdə idi və o, onunla 08 iyun 2022-ci il tarixdə xidmət müqaviləsi bağlamışdır. Bir müddətdən sonra Turqayın rəftarı xoşuna gəlməmiş, ona görə də onunla xidmət müqaviləsini pozmuş və xidmət haqqına görə 300 (üç yüz) manat məbləğində pul ödəmişdir. Şahid ondan qisas almaq məqsədilə müxtəlif orqanlara şikayət etmişdir ki, guya ki, onunla əmək müqaviləsi bağlamadan onun əməyi istismar edilmişdir. Buna görə də 12 avqust 2022-cı il tarixdə MN ******* saylı protokol tərtib edildi və həmin protokol əsasında 23 avqust 2022-c il tarixdə MN ******* saylı qərarla İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. O, Şahid əməyini istismar etməmişdir. Onların aralarında xidmət müqaviləsi bağlanılmışdır. Şahid iş vaxtının rejiminə, iş saatlarına əməl etmədən xidmət göstərmiş, öz işini bitirdikdən sonra kafeni tərk etmişdir. Onun üçün məcburi iş saatları olmamışdır. Əgər əmək müqaviləsi olmuş olsaydı və ya onu əmək müqaviləsiz işlətmiş olsaydı, o zaman işə gəlmə saatı, işdən çıxma saatı və sair olmalı idi. Bu halların olmaması, həmçinin yuxarıda da qeyd etdiyi kimi Şahid yalnız xidmət göstərməsi üçün kafedə olması, ondan sonra kafeni tərk etməsini təsdiq edir ki, o, Şahidla əmək müqaviləsi bağlamaqdan yayınmaq məqsədilə onunla xidmət müqaviləsi bağlamamışdır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Həmin əməlin törədilməsində onun təqsirinin olmaması isə inzibati məsuliyyəti istisna edir. Buna görə də onun barəsində qəbul edilmiş MN ******* saylı 23 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı qanunsuz və əsassız hesab etdiyini bildirərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X7 bildirdi ki, araşdırma Şahid şikayəti əsasında aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 ilə Şahid arasında əmək müqaviləsi bağlanmamışdır. X5 barəsində inzibati tənbeh isə yalnız şikayətçinin izahatı əsasında tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, o, X2 işlətdiyi kafedə 20 gün işləmişdir. X1 onun pulunu verməmiş və ona “get nə bilirsən et” demişdir. O da əmək müfəttişliyinə gedərək şikayət etmişdir. Şahid əlavə olaraq onu da bildirdi ki, onunla X5 arasında hər ikisinin VÖEN-i olduğu üçün xidmət müqaviləsi bağlanmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X6 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X5 ilə Şahid arasında xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 xx.xx.2016-cı ildən ********** qeydiyyat (VÖEN) nömrəli şəhadətnaməyə, Şahid isə ********** qeydiyyat (VÖEN) nömrəli şəhadətnaməyə sahibdirlər. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X5 tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, şəxs inzibati xəta hadisəsi olmadan törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən möhtəbər sübutlar olmadığından X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X6 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar