Məhkəmə qərarları › İş №3(125)-540/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-540/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-540/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inziabti xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi X5 markalı 77PJ082 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, polis əməkdaşları tərəfindən saxlanılmış alkotesterlə müayinə edilərkən onun sərxoş olması müəyyən edilmişdir. Sonda o, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi X5 markalı 77PJ082 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polis əməkdaşları tərəfindən saxlanılmış, onu polis əməkdaşları saxladıqda alkotester müayinəsi etmişlər, lakin onda sərxoşluq müəyyən edilməmişdir. Daha sonra başqa polis əməkdaşı daha uzun alkotester gətirmiş, o, həmin testerə iki dəfə üfürdükdən sonra onda 0.4 promil sərxoşluq müəyyən edilmişdir. O, polis əməkdaşlarından onun həkim narkoloq tərəfindən müayinə edilməsini tələb etmişdir. Onun tələbi təmin edilməmiş, həkim narkoloqun müayinəsinə aparmaq əvəzinə dövlət yol polisi şöbəsinə aparılmışdır. Avtomobili isə cərimə meydançasına yerləşdirilmişdir. Hadisədən təxminən 1 saat sonra öz təşəbbüsü ilə həkim-narkoloq müayinəsindən keçmiş, ayıq olması aşkar edilmişdir. Məhkəmədən inzibati haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs tibbi müayinədən keçirən Vaqif Zamanov bildirmişdir ki, sərxoşluq vəziyyətinin müayinəsi onun tərəfindən aparılmış, müayinə barəsində icraat aparılan şəxs Şəxs təşəbbüsü əsasında həyata keçirilmişdir. Xüsusi texniki vasitə ilə müayinəsi ilə narkoloq müayinəsi arasında təxminən 1 saat müddət olmuşdur ki, həmin müddət ərzində şəxsin ayılması mümkün deyil. Keçirdiyi müayinəni mötəbər və düzgün hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi X5 markalı 77PJ082 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edildiyindən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xüsusi texniki vasitənin müayinə qəbzindən görünür ki, Şəxs müayinə edilmiş, onun nəfəsində 0.416 promil alkoqol müəyyən edilmişdir. Bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl əks olunmuşdur. Həmin videoda barəsində icraata aparılan şəxs Şəxs patrul avtomobilində alkotester müayinəsindən keçir, nəfəsində 0.416 promil alkoqol sərxoşluğu aşkar edilir. O, polis əməkdaşlarından həkim müayinəsindən keçirilməsini tələb edir, polis əməkdaşları isə onun həkim müayinəsindən keçirilməsinə razılıq verirlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 317/2024 nömrəli akta əsasən Şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 04332 saylı protokol olmuşdur. Qeyd edilən protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hazırki vəziyyətdə Şəxs tibbi müayinədən keçirilməsini tələb etmiş, bu tələb polis əməkdaşları tərəfindən təmin edilməmiş, barəsində icraata aparılan şəxs öz təşəbbüsü ilə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı onun ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 317/2024 saylı, xx.xx.2024-cü il tarixli protokolu mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxs xx.xx.2024-cü il tarixdə ayıq olması qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar