Məhkəmə qərarları › İş №3(125)-542/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-542/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-542/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 16:55 radələrində etibarnamə əsasında idarə etdiyi KİA SORENTO minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri Səbuhi Xasayev küçəsindən Nizami prospektinə döndükdən sonra həmin prospektdə avtomobilin hərəkəti sıx olduğundan qarşısında olan CHEVROLET CRUZE markalı avtomobilin sürücüsündən yol istəmiş, o isə qarşısında dayanmış və yol vermirdi. Onun siqnaldan və avtomobilin işıqlarından istifadə etdiyini görüb, eşitdikdən sonra asta-asta hərəkətə başladı. Həmin vaxt onun sağından avtomobillər maneəsiz hərəkət edirdi və bu an yolun sağ hərəkət hissəsində avtobus dayandı, həmin an **-ES-***, KİA SORENTO markalı avtomobil qarşıda hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamadığından qarşıda dayanan avtobusla toqquşmasın deyə yolun sağ hərəkət hissəsindən heç bir xəbər verici işıq siqnalından istifadə etmədən sola manevr edərək onun avtomobilinin sağ qabaq hissəsini sürtərək avtomobilinə maddi ziyan vurmuşdur. Nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra o, etibarnamə əsasında idarə etdiyi KİA Sorento markalı, **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini heç bir yerə tərpətmədən X8 Xidməti əməkdaşlarının gəlməsini gözləmiş, lakin həmin hadisəni törədən nəqliyyat vasitəsinin sürücüsü öz avtomobilini hadisə yerindən kənarda park etmişdir. Hadisə yerinə hadisənin araşdırılması üçün Gəncə şəhər X8 Xidmətinin əməkdaşı polis leytenantı X3 gələrək yerində hadisənin fotolarını çəkdi və ona bildirdi ki, işlə bağlı onunla əlaqə saxlanılacaqdır. Bundan sonra o, Gəncə şəhər Narkoloji Dispanserə könüllü gedərək alkoqol testindən keçdi və bununla bağlı həmin dispanserin qeydiyyat kitabında qeydiyyat aparıldı. Əlavə olaraq yolun hərəkət hissəsi olan asfalt örtüyündə heç bir yol hərəkət nişanı və zolağı mövcud deyil. Hadisədən sonra ona müfəttiş Elturan Hacıyev tərəfindən zəng edilərək xx.xx.2024-cü il tarixdə Gəncə şəhər DYP Xidmətinin binasında 308 nömrəli otağa dəvət olundu və burada Elturan Hacıyev xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə ona məlumat verdi. Həmin vaxt o, yazılan cərimə protokolu ilə razılaşmadığını və həmin protokoldan rəsmi qaydada şikayət edəcəyini E.Hacıyevə bildirdi və bütün bunları izahatında qeyd etmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə həmin ərazidə yerləşən mağazalardan birində yerləşdirilmiş müşahidə kamerasından həmin hadisənin video görüntüsünü öz şəxsi telefonuna çəkərək aparıb müfəttiş E.Hacıyevə göstərmiş və müfəttiş E.Hacıyev həmin video görüntüyə baxdıqda gördü ki, hadisəni törədən nəqliyyat vasitəsi yol hərəkət qaydasını pozaraq onun yoluna çıxaraq onun idarə etdiyi avtomobilə zərər vurmuşdur. Həmin vaxt müfəttiş ondan 2 (iki) gün möhlət istədi ki, işi yenidən araşdırıb ona məlumat verəcək. Bundan sonra aparılan araşdırma barədə ona heç bir məlumat verilmədiyindən o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə ilə əlaqədar məlumat verdi. xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhər DYP Xidmətinin binasında yerləşən 308 nömrəli otağa yaxınlaşaraq ona yazılmış cərimə ilə əlaqədar qərarın surətini aldı. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş TP ******* saylı qərar qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında DVD diskə baxış keçirilən zaman görünür ki, “KİA SORENTO” minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət istiqamətindədir, digər avtomobilin sürücüsü isə belə bir vəziyyətdə avtomobili sola hərəkət etdirir və qeyd edilən hadisə baş verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİnin X10 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar