Məhkəmə qərarları › İş №3(125)-544/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-544/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-544/2024 18.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs qanuni təmsilçisi-direktorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X6 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərarda X7 (FİN: 4ZYK1C5) - 01 sentyabr 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru işləyən, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan - barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin qanuni təmsilçisidirektorunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X6 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Şəxs MMC ilə X3 arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı Şəxs MMC-nin sifarişi əsasında köhnə Xalça fabrikində söküntü işlərini həyata keçirmişdir. Podrat müqaviləsi çərçivəsində öhdəliyini icra etmək üçün isə podratçı gündəlik muzd verməklə həmin yerə fəhlələr cəlb etmişdir. Həmin fəhlələrdən biri də şikayətçi X11 olmuşdur. X5 həmin söküntü işlərinə Şəxs MMC cəlb etməmiş və həmin şəxsə orada söküntü işləri aparmasını tapşırmamışdır. Yəni söküntü işləri Şəxs MMC tərəfindən birbaşa həyata keçirilməmiş və bu səbəbdən də baş verən hər hansı xətaya görə Şəxs MMC məsuliyyət daşımalı deyil. İş materiallarından da aydın şəkildə görünür ki, köhnə Xalça fabrikində söküntü işlərinin aparılması podrat müqaviləsinə əsasən podratçı tərəfindən həyata keçirilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi-direktorunun texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X7 (FİN: 4ZYK1C5) - 01 sentyabr 1990-cı ildən Naxçıvan MR-nın Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru işləyən, Naxçıvan MR-nın Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan - barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, X3 ilə Şəxs MMC-nin direktoru X8 arasında xidmət göstərilməsinə dair podrat müqaviləsi bağlanmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş materiallarda X4 Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru tərəfindən köhnə Xalça fabrikində söküntü işlərinin aparılmasına cəlb edilməsinə dair hər hansı bir məlumata rast gəlinmədi. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru tərəfindən İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlardan görünür ki, Şəxs MMC ilə X3 arasında podrat müqaviləsi bağlanılaraq köhnə Xalça fabrikində söküntü işlərinin həyata keçirilməsi həmin şəxsə həvalə edilmiş və həmin şəxs də podrat müqaviləsi çərçivəsində öhdəliyini icra etmək üçün gündəlik muzd verməklə söküntü işlərinə fəhlələr cəlb etmişdir. Göründüyü kimi söküntü işlərinə fəhlələri Şəxs MMC cəlb etməmiş və həmin şəxslərə orada söküntü işləri aparmasını tapşırmamışdır. Yəni söküntü işləri birbaşa Şəxs MMC tərəfindən həyata keçirilməmişdir. O cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə dair hər hansı bir mötəbər sübut da iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi-direktorunun texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs hesab olunması istisna olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin qanuni təmsilçisi-direktorunun əməlində İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetmədiyindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında qeyd edilən şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və buna görə də başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X6 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar