Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-547/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4” X8 nümayəndəsi X7 və Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs (bundan sonra MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də (X14 Mərkəzi) aparılan planlı yoxlama zamanı sertifikasiyasız tibbi fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət (terapevtik, kardioloji, travmatoloji, ginekoloji, kompyuter tomoqrafiyası, pediatrik, otorinolarinqoloji) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4” X11 nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən nöqsanları qəbul etmir. İş üzrə inzibati icraat qanunvericiliyin tələblərinə zidd olaraq araşdırılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4 maddələri ilə hər hansı bir inzibati xəta törədilməmiş, buna baxmayaraq inzibati orqan qərəzli olaraq protokol tərtib etmişdir. Lisenziyadan kənar hər hansı bir tibbi xidmət göstərilməmişdir. 2011-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyaya əlavədə göstərilən bütün tibbi xidmətlər Şəxs MMC tərəfindən icra olunmuş, 2013-cü ildə həmin lisenziyaya əlavə olunan siyahıda bəzi xidmətlərin göstərilməmişdir. Bundan sonra 2011-ci il tarixli lisenziyasında göstərilən ixtisas növləri üzrə icazə verilmiş işlər hər hansı bir məhkəmə qərarı, ərizə, hüquqi şəxsin ləğvi və sair hallar olmadıqda qüvvədən düşmür və belə olan halda isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən irad bildirilərək əsassız olaraq inzibati protokol tərtib edilmişdir. Digər tərəfdən aşkar edilən lisenziyadan kənar xidmət siyahısı üzrə hər hansı həkimin izahatları alınmamış, inzibati xəta inzibati protokol tərtib edən şəxs tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyinin müvafiq qurumuna müraciət olunaraq, 2011-ci ildə Şəxs MMC-yə verilən lisenziyaya əlavə olan xidmətlərin bərpa edilmasinə köməklik göstərilməsi xahiş olunmuşdur. 2011-ci ildə qeyd olunan xidmətlərin "İntermedservis” MMC-dən alınması, ləğv edilməsi olmamış, xidmətlər ləğv edilməmişdir. Lisenziya və icazələr haqqında Azərbaycan Respublikası Prezidentin 2015-ci il tarixli Fərmanına asasan müəssisələrə 2010-cu ilin dekabr ayından bu günə qədər verilən bütün lisenziyaların qüvvədə qalması göstərilmişdir. Protokolda qeyd olunan digər pozuntuya dair bildirdi ki, müəssissə sertifikasiyadan keçməyən işçini işə və ya tibbi xidmətlərin göstərilməsinə cəlb etmək faktı öz əksini tapmamışdır. Həmin işçi sertifikasiyadan keçənədək Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasan müvafiq məzuniyyət hüququndan istifadə edərək məzuniyyətdə olmuşdur. İnzibati xətalar haqqında aparılan icraat zamanı inzibati xəta üzrə sübut etmə yükün inzibati xəta haqqında protokol tərtib edən şəxsin üzərinə düşməyinə baxmayaraq hazırki inzibati xəta haqqında iş üzrə inzibati orqan inzibati xətanın törədilməsini sübuta yetirə bilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilən planlı yoxlama Ədliyyə Nazirliyində müvafiq reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Şəxs MMC-də planlı yoxlamanın keçirilməsinə dair 428 nömrəli, xx.xx.2022-ci il tarixli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktından görünür ki, aktda hüquqi şəxsə məxsus ünvan 1 ünvanında yerləşən “tibb müəssisəsində sertifikasiyadan keçmədən tibbi praktiki fəaliyyətlə məşğul olma faktının aşkar edilməsi qeyd edilmişdir. Belə ki, əmək müqaviləsi üzrə tibb bacısı X1 şəhadətnaməsindən keçmədən praktik tibb fəaliyyəti göstərməsi qeyd edilmişdir. Həmçinin yoxlama aktında tibb müəssisəsində lisenziyadan kənar iş və fəaliyyət (kardioloji, terapevtik, kompyuter tomoqrafiyası, ginekoloji, otorinolarinqoloji, pediatrik, travmatoloji) aşkar edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X4” X11ə daxil olmuş Şəxs MMC-yə (X14 Mərkəzi) aid Məlumatdan görünür ki, Şəxs MMC-nin bir çox tibbi ixtisas növləri üzrə tibbi xidmətlər göstərmək üçün lisenziyası olsa da, həmin müəssisənin “terapevtik, kardioloji, travmatoloji, ginekoloji, kompyuter tomoqrafiyası, pediatrik, otorinolarinqoloji” fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmamışdır. İş materiallarında olan Şəxs MMC-nin baş həkimi Mahir Babayev tərəfindən verilmiş 110-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Şəxs MMC-də (X14 Mərkəzi) ümumi poliklinika heyətinin tibb bacısı (qardaşı) X5 “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X12 göndərilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru İlham Əliyev tərəfindən verilmiş 278 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Şəxs MMC-nin X14 mərkəzində “Tibb bacısı” vəzifəsində işləyən X5 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək öz hesabına məzuniyyətə buraxılmışdır. İş materiallarında olan Şəxs MMC-nin direktoru İlham Əliyev tərəfindən verilmiş 342 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Şəxs MMC-nin X14 mərkəzində “Tibb bacısı” vəzifəsində işləyən X5 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il tarixinədək 2021-2022-ci il tarixi dövr üçün əsas əmək məzuniyyəti 30 (otuz) təqvim günü, əmək stajına görə 2 (iki) təqvim günü əlavə edilmiş, cəmi 32 (otuz iki) təqvim günü məzuniyyət verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 026296 nömrəli lisenziyadan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə (X14 Mərkəzi) tibb fəaliyyəti üzrə lisenziya verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “İntermedservis’' MMC-yə 0820 qeydiyyat nömrəsi ilə verilmiş 026296 nömrəli, xx.xx.2011ci il tarixli lisenziyaya əlavənin surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "İntermedservis” MMC-yə ünvan 4 ünvanda tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 026296 nömrəli lisenziyanın əlavəsində göstərilən xidmətlərə əlavə olaraq ambulator tibbi xidmətinin “Terapiya – Terapevtik, Kardiologiya – Kardioloji, Endokrinologiya – Endokrinoloji, Nevropatologiya – Nevropatoloji, Dermatologiya – Dermatoloji, Fizioterapiya – Fizioterapevtik, Pediatriya – Pediatrik, Ümumi cərrahiyyə - Ümumi cərrahi, Urologiya – Uroloji, Otorinolarinqologiya – Otorinolarinqoloji, Şüa diaqnostikası – Rentgenoloji, Ultrasəs müayinəsi, Kompüter tomoqrafiyası, Oftalmologiya – Oftalmoloji, Stomatologiya - Terapevtik stomatoloji, Ortopedik stomatoloji, Mamaginekologiya - Ginekoloji, (ekstrakorporal mayalandırma istisna olmaqla), Travmatologiya-ortopediya - Travmatoloji-ortopedik, Laboratoriya – Klinik, Klinikbiokimyəvi, İmmunogenetik” ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “İntermedservis’' MMC-yə 10 iyun 2013-cü il tarixli 0820 qeydiyyat nömrəsi ilə verilmiş 026296 nömrəli lisenziyanın əlavəsinə əlavənin surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "İntermedservis” MMC-yə ünvan 4 ünvanda tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 026296 nömrəli lisenziyanın əlavəsində göstərilən xidmətlərə əlavə olaraq ambulator, stasionar və səyyar tibbi xidmətlərin “Terapiya – Pulmonoloji, Diyetoloji, Qastroenterologiya – Qastroenteroloji, Nefroİogiya – Nefroloji, Revmatologiya – Revmatoloji, Hematologiya – Hematoloji, Allerqologiya – Allerqoloji, İmmunologiya – İmmunoloji, Dermatologiya – Kosmetoloji, Neyrocərrahiyyə - Neyrocərrahi, Pİastik cərrahiyyə - Plastik cərrahi, Uşaq cərrahiyyəsi - Uşaq cərrahi, Anesteziologiya-reanimatologiya - Anestezioloji-reanimatoloji, Mamagınekologiya – Doğuşayardım, Stomatologiya - Cərrahi stomatoloji (implantologiya istisna olmaqla), Ortodontik stomatoloji, Diş texniki, Üz-çənə cərrahiyyəsi - Üz-çənə cərrahi, Şüa diaqnostikası - Nüvə-maqnit rezonansı, Ümumi cərrahiyyə - Ümumi cərrahi, Genetika – Genetik, Mikrobiologiya – Mikrobioloji, Virusoloji” ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 087996 nömrəli lisenziyadan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə (X14 Mərkəzi) özəl tibb fəaliyyətini həyata keçirməyə görə müddətsiz lisenziya verilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixli, 026296 nömrəli lisenziya əsasında ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə (X14 Mərkəzi) tibb fəaliyyət üzrə lisenziya verilmiş, həmin lisenziyanın əlavəsi əsasında müəyyən edilmiş ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmiş, yəni yoxlama aktında tibb müəssisəsində lisenziyadan kənar iş və fəaliyyət növləri kimi qeyd edilmiş kardioloji, terapevtik, kompyuter tomoqrafiyası, ginekoloji, otorinolarinqoloji, pediatrik, travmatoloji tibbi xidmətinin göstərilməsinə Şəxs MMC-nin icazəsinin olması həmin əlavədən aydın şəkildə görünür. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən lisenziyadan kənar hər hansı bir tibbi xidmətin göstərilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş qeyd edilən 7 növ işlərin görülməsinə icazə olmadığı halda həmin işlərin görülməsini əks etdirən 3 ədəd foto şəkil məhkəmə tərəfindən möhtəbər sübut kimi qəbul edilmir, çünki həmin şəkillərin harada, nə vaxt və hansı məqsədlə çəkilməsi barədə məhkəməyə onların məzmununu açıqlayan hər hansı bir dəlil təqdim edilməmişdir. O cümlədən bununla bağlı aşkar edilən lisenziyadan kənar fəaliyyət göstərilən işlər üzrə həmin işləri həyata keçirən həkimlərin izahatı alınmamışdır. Belə olan halda məhkəmə bu halı Şəxs MMC tərəfindən icazə verilməyən xidmətlərin göstərilməsi kimi qiymətləndirmir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli yoxlama aktı tərtib olunarkən Şəxs MMC-nin X14 Mərkəzində “Tibb bacısı” vəzifəsində işləyən X5 əmək məzuniyyətində olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin mənasından aydın olur ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət yaranır. Amma işin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilən zaman X5 əmək məzuniyyətində olduğu üçün onun praktik tibb fəaliyyətinə buraxılması öz təsdiqini tapmamışdır. Bununla da Şəxs MMCnin rəhbərliyi tərəfindən tibbi personalın sertifikasiyadan keçməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə onların fəaliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılmış və bununla bağlı hüquqi şəxsin təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC (X14 Mərkəzi) tərəfindən lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmasını və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasını təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC (X14 Mərkəzi) tərəfindən lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmasını və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasını təsdiq edən möhtəbər sübutlar olmadığından Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olmadığı məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, 26 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-547/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-547/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver