Məhkəmə qərarları › İş №3(125)-548/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-548/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-548/2022 06.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X2 və protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Perinatal Mərkəzi” publik hüquqi şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Perinatal Mərkəzi” publik hüquqi şəxsinin Azərbaycan Respublikası İXM-in 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəməyə ünvanlanmış müşayiət məktubunda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi olduğu göstərilsə də, inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən xəstəxanada xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimləməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrinin istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi halı aşkar olunmuşdur. Bununla da “Perinatal Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X5 inzibati xəta haqqında işin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsinin nümayəndəsi X6 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Perinatal Mərkəzi” publik hüquqi şəxsinin Azərbaycan Respublikası İXM-in 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə “Perinatal Mərkəzi” publik hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd edilən qanunvericilik normasından göründüyü kimi, inzibati xətanın subyekti yalnız hüquqi şəxsin özü ola bilər, xarici hüquqi şəxslərə münasibətdə isə həmin hüquqi şəxslərin özləri və ya onların filial və ya nümayəndəlikləri subyekt ola bilər. İnzibati xəta haqqında protokolun məzmunundan isə görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi deyil, onun tabeliyində fəaliyyət göstərən «Perinatal Mərkəzi» publik hüquqi şəxsi göstərilmişdir. Halbuki, həmin xəstəxananın inzibati xətanın subyekti hesab oluna bilməsi üçün həqiqətən publik hüquqi şəxs olub-olmaması barədə sübutlar protokola əlavə edilməmişdir. Protokolda “Perinatal Mərkəzi”nın qarşısında qeyd edilmiş X1 Nömrəsi (VÖEN **********) Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsi ilə yoxlanıldıqda isə, həmin VÖEN-in “Perinatal Mərkəzə” deyil, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə aid olması müəyyən edilmişdir. Belə olan halda, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin düzgün göstərilmədiyi müəyyən olunur. Bundan başqa xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin qanunla müəyyən edilmiş nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız ehtimal edilən faktın aşkar edildiyi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin rəhbəri X4 işə cəlb edilmiş, protokolu barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi kimi həmin şəxs imzalamışdır. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs, hətta hüquqi şəxsin rəhbəri olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda, inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Göstərilən normalara əsaslanaraq məhkəmə qeyd edir ki, X4 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin rəhbəri olsa da, onun hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən heç bir sənəd (etibarnamə və s.) olmamışdır. Ona görə də, o, protokolu tərtib etmiş şəxs tərəfindən hüquqi şəxsin nümayəndəsi qismində cəlb edilə bilməzdi. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Perinatal Mərkəzi”nin Azərbaycan Respublikasının İXM-in 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı hüquqi şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin “Perinatal Mərkəzi”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 saylı Regional bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar