Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-553/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsini hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1964-cü il tarixdə Samux rayonu Ziyadlı kəndində anadan olmuş, ailəli, ali təhsilli, həkim-stomatoloq kimi fəaliyyət göstərən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respiblikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 yanvar 2022-ci il tarixli MN № ******* saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən 07 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında MN №1054784 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 yanvar 2022-ci il tarixli MN № ******* saylı icra sənədinə əsasən borclu Şəxs 5.000 (beş min) manat məbləğində cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı borcluya tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, xx.xx.2022-ci il tarixdə aktiv mobil nömrəsinə SMS bildiriş göndərilməsinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu icra sənədi üzrə cəriməni ödəməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, maddi imkanı olmadığı üçün, həmçinin səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləyə bilmədiyi üçün barəsində olan cəriməni ödəməyə imkanı çatmır. Səmimi etiraflarını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5.000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 yanvar 2022-ci il tarixli MN № ******* saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmış və eyni tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs barəsində olan icra sənədini 10 gün müddətində icra etməyəcəyi təqdirdə Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətiriləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs səmimi etirafını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-553/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-553/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver