Məhkəmə qərarları › İş №3(125)-557/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-557/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-557/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Gəncə şəhər X3 Şöbəsi Yol patrul xidməti baş inspektor, polis baş leytenantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, 31 avqust 2022-ci il tarixdə saat 22:00-da “VAZ 21061” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3-cü-işıq cihazlarından istifadə qaydalarını pozma, 333.1-ci-nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istifadə ediməsi hallarına yol verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə məhkəmə iclasının vaxtı və yerdi barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından göründüyü kimi inzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokol, sərxoşluq vəziyyətininin tibbi müayinəsi haqqında protokolla tam sübuta yetirilir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 31 avqust 2022-ci il tarixli 1964/2022 saylı aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanşılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati xəta haqqında protokolda göstərilmiş digər inzibati xətaya münasibətdə məhkəmə bildirir ki, protokolda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin digər maddəsi (329.3) Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.8-ci bəndinə əsasən baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. Məhkəmə inzibati xəta haqqında protokolda göstərilmiş digər inzibati xətaya hüquqi qiymət verilməsi üçün protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılmasını zəruri hesab edir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində müəyyən olunan tənbeh tədbiri məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar