Məhkəmə qərarları › İş №3(125)-558/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-558/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-558/2022 19.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Göygöl rayon, Quşqara kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi “VAZ-21063” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə əsas yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol diz oynağının yumşaq toxumalarının əzilməsi, hematoması, sol gicgah nahiyəsinin qançırı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi olmaqla, etibarnamə ilə idarə etdiyi VAZ-21063 markalı **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə babası X1 Abbas Səhət adına xəstəxanaya çatdırmalı olmuş, saat təxminən 08 radələrində həmin avtomobillə Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən kolxoz bazarının içərisində 7ci ara ilə təxminən 40-50 km/saat sürətlə 8-ci ara istiqamətində gedərkən 8-ci arada yolun hərəkət hissəsinin boş olmasını gözləməli, sonra hərəkətə davam etməli idi. Ancaq gəldiyi sürətlə yolun hərəkət hissəsinə çıxmış, bu zaman sağ tərəfdən Chevrolet Cruz markalı **- CO-*** d.q.n.n-lı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən onun sol dizi əzilmiş, Chevrolet Cruz markalı avtomobilin sürücüsünün baş və sol diz nahiyəsi əzilmişdir. Hadisənin baş verməsinə səbəb idarə etdiyi VAZ-21063 markalı avtomobillə təyin olunmuş sürət həddini aşaraq, yolun hərəkət hissəsinin boş olmasını gözləmədən yolun hərəkət hissəsinə daxil olmağı olmuşdur. Həmin avtomobilin gəlməsini ani bir vaxtda görmüşdür. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini və onunla barışdığını bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə ərizə təqdim edərək, izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində sürücülük vəsiqəsi olmaqla, mülkiyyətində olan “Chevrolet Cruze” markalı **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri V. Xuluflu küçəsində yerləşən Grand Qafqaz bazarının içərisində 7-ci ara ilə təxminən 40 km/saat sürətlə gedərkən sol tərəfdən VAZ-21063 markalı avtomobil ikinci yoldan onun hərəkətdə olduğu əsas yolun hərəkət hissəsinə çıxaraq idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən onun sol dizi və başının sol hissəsi əzilmiş, VAZ-21063 markalı avtomobilin sürücüsünün isə sol diz nahiyəsi əzilmişdir. Hadisənin baş verməsinə səbəb, VAZ-21063 markalı avtomobilin təyin olunmuş sürət həddini aşaraq, yolun hərəkət hissəsinin boş olmasını gözləmədən yolun hərəkət hissəsinə daxil olmağı və onun idarə etdiyi avtomobillə qarşı tərəfdən gələn nəqliyyat vasitəsinin hərəkət hissəsində qismən çıxmağı ilə sürət həddini aşmağı olmuşdur. VAZ- 21063 markalı **-EA-*** d.q.n.n-lı avtomobili ümumiyyətcə görməmişdir. Buna görə də hadisənin qarşısını ala bilməmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X7 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1428 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol diz oynağının yumşaq toxumalarının əzilməsi, hematoması, sol gicgah nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və vurulmuş zərəri könüllü ödəyərək zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi kimi nəzərə alır (İXM 32.1.1 və 32.1.7). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar