Məhkəmə qərarları › İş №3(125)-56/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-56/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-56/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi –X6 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X11 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından N saylı hərbi hissənin komandiri X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə N saylı hərbi hissənin komandiri X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X3 şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 N nömrəli hərbi hissədə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə eyni məzmunlu müraciət etmiş və onun müraciətinə X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində baxılmışdır. X7 hüquqlarının pozulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 elektron ünvanına müraciət etmiş, xx.xx.2023-cü il tarixdən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə baxılması üçün göndərilmiş. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi xx.xx.2023-cü il tarixdə V.Xanlarovla bağlı müvafiq sənədləri tələb etmiş (xx.xx.2023-cü il və təkrarən xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur) və xx.xx.2023-cü il tarixdə göstərilən bütün sənədlər N nömrəli hərbi hissə tərəfindən poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə V.Xanlarovunla bağlı müvafiq sənədləri yenidən tələb etmiş (xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur) və xx.xx.2023-cü il tarixdə göstərilən bütün sənədlər N nömrəli hərbi hissə tərəfindən poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Bütün sənədləri araşdırandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə MN №1497636 nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Protokol üzrə ona İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) və 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir) maddələri ilə inzibati xəta haqqında iş başlanılmış və işə baxılması xx.xx.2023-cü il tarixdə saat 15:00 təyin olunmuşdur. Göstərilən tarixdə və saatda mən orada iştirak etdim, qanunun tələblərinə riayət olunmasını, bütün normativ hüquqi aktlara uyğun olaraq V.Xanlarovun müqaviləsinə xitam verilməsini və inzibati xəta işi ilə razı olmamağını, cərimə tədbiq olunacağı halda müvafiq məhkəmə instansiyasına mübahisələndirəcəyini bildirmiş və xidmət yerinə getmişdir. Bir neçə gün keçdikdən sonra X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 01 may 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olub) MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 192.4cü maddəsi ilə o, 700 (yeddi yüz) manat cərimə edilmişdir. Həmçinin bildirir ki, o, hərbi hissə komandiri olduğu üçün xidməti vəzifələrinin icrası və işlərinin çox olmasına baxmayaraq inzibati xəta haqqında işə baxılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 15:00-da təyin edilmiş baxışda şəxsən iştirak etmişdir. Gəncə Şəhər Məhkəməsinə şikayət ərizəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən: İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, İşəgötürən - tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontrakt) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qeyd edir ki, o, xx.xx.2021-ci il tarixində vəzifəyə təyin olunmuşdur. X1 əmək müqaviləsinə 01 fevral 2023-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin” “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabineti 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında” “2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli”, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi” haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qə'arlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi” və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli qərarın ləğv edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 394 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər” haqqında 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamının icrası Azərbaycan Respublikası Baş nazirinin 20 fevral 2023-cü il tarixli 60 nömrəli qərarı ilə 2023-cü il yanvar ayının 1-dən tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 772 nömrəli fərmanı ilə “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”ni rəhbər tutaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 may 2021-ci il tarixli 10 nömrəli qərarı ilə “Azərbaycan Ordusunda maliyyə təsərrüfatının aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin qərarın 22-ci “Şəxsi heyətə pul vəsaitlərinin ödənilməsi” maddəsinin 22.1.2-ci maddəsi ilə - mülki işçilərə cari ay üçün növbəti ayın 1-dən 5-dək ödənilməsi tələbi qoyulmuşdur. Bu tələbə uyğun olaraq mülki işçilərin əmək haqları cari ay üçün növbəti ayın 1-dən 5-dək hesablanıb işçilərin hesabına köçürülür. N nömrəli hərbi hissənin vahid xəzinədarlıq hesabı və bank hesabı olmadığı üçün N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin maliyyə təminatında durur. Yanvar ayında mülki işçilərin davamiyyəti kitabına əsasən tabel yanvar ayının 1-31-dək olduğundan tabeldə işdən çıxmaqla bağlı heç bir qeyd olunmamasına görə və həmin ay X7 işdən çıxmadığına görə yanvar ayının maaşını tabelə uyğun fevral ayının 5-dək (3 fevral 2023-cü il tarixdə) hesablanıb və onun hesabına köçürülmüşdür. X7 xx.xx.2023-cü il tarixində, yəni fevral ayında işdən azad olunduğu üçün onun son haqq-hesaba görə maaşı (istifadə etmədiyi məzuniyyət günlərinə görə) 189.19 manat və 2023-cü il yanvar ayının 1-dən minimum əmək haqqının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər” haqqında 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamının icrası Azərbaycan Respublikası Baş nazirinin 20 fevral 2023-cü il tarixli 60 nömrəli qərarı ilə icrası fevral ayında başlanmasından yanvar ayının əlavəsi 59.10 manat, cəmi 248.29 manat qanunvericiliyinin tələblərinə (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli “Azərbaycan Ordusunda maliyyə təsərrüfatının aparılması Qaydaları”-nın qərarının 22-ci “Şəxsi heyətə pul vəsaitlərinin ödənilməsi” maddəsinin 22.1.2-ci maddəsi ilə - mülki işçilərə cari ay üçün növbəti ayın 1-dən 5-dək ödənilməsi) növbəti ayda yəni mart ayının 5-dək (3 mart 2023-cü il tarixdə) onun hesabına köçürülmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi üzrə “Əmək qanunvericiliyinin pozulması” na dair 192.4-cü maddənin - “İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə” dair tərtib edilmiş inzibati xəta haqqında iş üzrə tələblərin pozulmasına yol verilməmişdir. X7 işlədiyi müddət ərzində maaşının vaxtında verilməməsindən, gec verilməsindən, digər əmək pozuntularının olmasından rəhbərliyə (komandanlığa) rəsmi qaydada şikayət, müraciət və tələb etməmişdir. Bütün göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi üzrə “Əmək qanunvericiliyinin pozulması” na dair 192.4-cü maddənin - “İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli X7 ilə əlaqədar olan inzibati xəta haqqında iş üzrə tərtib edilmiş protokol və xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə ona tətbiq olunan 700 (yeddi yüz) manat cərimə əsassız hesab olunur. Protokolun əsassız olunmasına dair yuxarıda kifayət qədər dəlillər, sübutlar, normativ aktlar göstərilmişdir. O, qanunvericiliyin tələblərinə tam əməl etmiş, onun barəsində protokolun tərtib olunması və məsuliyyətə cəlb olunması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsindən çıxarış: 95-ci maddə, İş vaxtının rejimi:

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik is günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.

3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Əmək Məcəlləsi 96cı maddə, İş vaxtının cəmlənmiş uçotu:

1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında Təlimat- (Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 fevral 2013-cü il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş): 1.2 “Azərbaycan Respublikası SQ-də Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında” təlimat, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi və Müdafiə Nazirliyinin müvafiq normativ hüquqi aktları əsas götürərək işlənilib hazırlanmışdır. 2.2.3. sıravi heyət –atıcı- mühafizəçisi (X7 işlədiyi vəzifəsi) 2.3.3. Qarovul xidməti 12 və ya 24 saat ərzində aparılır. Qarovul nəfərlərinin iş saatı neçə vaxt bilavasitə postda və ya neçə vaxt qarovul otağında olmasından asılı olmayaraq, 12 və ya 24 saatdan çox olmamaq şərti ilə qarovulda olduğu vaxtdan hesablanır. 2.4. Qarovulun tərkibinə təyin edilir: 2.4.5. Atıcı mühafizəçilər. 2.6. İş vaxtının rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci və 96-cı maddəsinə əsasən təyin edilir. 2.7. İş vaxtının rejimi iş qrafiki ilə müəyyənləşdirilir. İş qrafik elə tərtib olunur ki, hər işçinin iş vaxtının saatlarının cəmi və qrafikə əsasən istirahət günlərinin sayı, hesablanma dövründə iş vaxtının qəbul edilmiş normasına və bu dövrdə 6 günlük iş həftəsi üçün təyin olunmuş istirahət günlərinin sayına bərabər olsun. 4.4. Qarovul hərbi hissə komandirinə, hərbi hissənin növbətçisinə, onun köməkçisinə və Hərbiləşdirilmiş mühafizə bölməsinin rəisinə tabedir. Obyektlərin bilavasitə mühafizəsi və müdafiəsi üçün qarovulun tərkibindən saatdarlar təyin olunurlar. Saatdarın xidməti Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 100, 102 və 103-cü maddələrinin tələblərinə uyğun təşkil olunur. 5.5. Növbələrin postlara hərəkəti ən azı iki marşrutla, işıqlandırılmayan və basırıq yerlərdən, binaların və tikililərin tinlərinin yaxınlığından keçməmək şərtilə həyata keçirilməlidir. Saatdarlar hər iki saatdan bir cüt yaxud tək saatların başlanğıcında dəyişdirilirlər. 5.6. Saatdarın postda xidmət aparma vaxtının müddətini hərbi hissə komandiri, ilin fəslindən, iqlim şəraitindən və havanın temperaturundan asılı olaraq təyin edir. Bu zaman saatdarın növbəni dəyişmədən postda fasiləsiz xidmət aparma müddəti 4 saatdan artıq ola bilməz. Hərbi hissədə 4 növbə üzrə mühafizənin işi təşkil olunur, hər növbə 24 saat üzrə sutkalıq işə gəlir, iş postdarda mühafizənin təşkilindən ibarət olduğundan fasiləsiz xidmət aparma qaydaları qanunvericiliyin normalarına uyğun qaydada 2 saat müddətinə aparılır, sonra isə 2 saat müddətinə istirahət verilir. Postların təhvil-təslimi 5-10 dəqiqə aralarında aparılır. Sutkanın 12 saat müddəti üzrə əmək funksiyası həyata keçirilir. Sutka tamam olandan sonra 3 gün, yəni 72 saat istirahət verilir, beləliklə də həftə (7 gün) ərzində iş müddəti 1-2 sutka təşkil edir. X7 faydalı iş üzrə 1 həftə ərzində 12-24 saat, ay ərzində 7-8 sutka işlədiyindən faydalı iş üzrə 84-96 saat işləmişdir. Lakin maaş hesablanan zaman 84- 96 saat üçün yox, hər sutka üçün yəni istirahət vaxtları da daxil olaraq 168-192 saat üçün hesablanaraq verilmişdir. Ay ərzində 22-23 sutkasını istirahət edirdi. X7 24 saat, yəni sutkalıq iş rejimində işdə olmasına razılıq verməsinə dair onunla birgə imzalanmış xx.xx.2019-cu il tarixli, 189 nömrəli əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmışdır. İşlədiyi müddətdə iş rejimi ilə bağlı hər hansı iradı, şikayəti və ya təklifi olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddə üzrə “Əməyin mühafizəsi qaydalarının pozulması’na dair 198.1.5- ci maddənin - normal əmək və istirahət rejiminə riayət edilməməsinə dair tərtib edilmiş inzibati xəta haqqında iş üzrə tələblərin pozulmasına yol verilməmişdir. X7 işlədiyi müddət ərzində iş rejiminin ağır olmasından və ya hər-hansı formada digər əmək pozuntularının olmasından rəhbərliyə (komandanlığa) rəsmi qaydada şikayət və tələb etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. İş günü ərzində istirahət vaxtının müddəti barədə Əmək Məcəlləsində dəqiq (imperativ) tələb yoxdur. Maddənin 103-cü maddəsinə əsasən iş günü ərzində müəyyən olunmalıdır. Əmək müqaviləsində istirahət və nahar fasilələrin müddəti iş vaxtına daxil edilmir. İşçi bu müddəti öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli (xx.xx.2023cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olub) MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 192.4-cü maddəsi ilə o, 700 (yeddi yüz) manat cərimənin qanunsuz və əsassız olmasına dair yuxarıda göstərilən qərarın ləğvi ilə bağlı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə şikayət ərizəsilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 3(125)-1257/2023 iş nömrəli qərarla Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olub) MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 192.4-cü və 198.1.5-ci maddələri ilə ona 700 (yeddi yüz) manat cərimə ilə bağlı inzibati tənbeh vermə haqqında qərar ləğv edildi və inzibati xəta haqqında is yenidən baxılması üçün göstərilən ünvana göndərilmişdir. Qarşı tərəf qərardan razı olmaması səbəbindən iş üzrə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-480/2023 nömrəli qərarına əsasən Gəncə Şəhər Məhkəməsin xx.xx.2023-cü il tarixli 3(125)-1257/2023 nömrəli qərarı dəyişdirilmədən qəti olaraq qüvvədə saxlanılmışdır, qərardan şikayət və ya ya protestin verilməsinə yol verilməməsi də qərarda öz əksini tapmışdır. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq yuxarıda göstərilən Məhkəmə qərarının icrası ilə bağlı, 2023-cü ilin oktyabr ayında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta protokolunu və inzibati xəta haqqında xx.xx.2023-cü il MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi istiqamətində görülmüş işlərin və ləğv etmə qərarının 1 nüsxəsinin ünvanlarına göndərməklərinə, elektron bildirişini ona məxsus +**********59 mobil nömrəyə göndərilməsi istiqamətində tədbirin görülməsi haqqında müraciət göndərmişdir. Bu günədək xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 3(125)-1257/2023 iş nömrəli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-480/2023 nömrəli qərarın icrası istiqamətində görülmüş tədbirlər haqqında heç bir rəsmi məlumat daxil olmayıb. Onun əvəzində Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş bildirişə əsasən hazırki inzibati xəta haqqında işə yenidən baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə- Daşkəsən regional şöbəsinin inzibati binasında təyin olunmuşdur. Yuxarıda göstərilən tarixdə onun səlahiyyətli nümayəndəsi (N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru X12) iştirak etmişdir. Gəncə-Daşkəsən regional şöbəsinin inzibati binasında təyin olunmuş inzibati xəta haqqında işə yenidən baxılmış və heç bir əsas olmadan ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.2-ci maddəsinin (Tam iş vaxtı və onun müddəti, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz) maddəsilə V.İ.Xanlarovun 24 saat iş rejimi ilə işləməsini və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 198.1.5-ci maddəsi ilə o, 700 (yeddi yüz) manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.1-ci maddəsinə əsasən - Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən cərimə yazılarkən V.İ.Xanlarovun iş rejiminin cəmlənmiş uçotu əsasında tənzimlənməsi nəzərə alınmamışdır, belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-ci maddəsinə əsasən - İş vaxtının cəmlənmiş uçotu: 1.Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeyd edir ki, Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdən əlavə heç bir sorğu, tələb, izahat alınmamış, iş üzrə heç bir yeni halın müəyyən edilməsi istiqamətində iş görülməmiş, hazırda verilmiş cəza formal xarakter daşıyır, hüququn normaları ilə əsaslandırılmamışdır. İş üzrə xəta haqqında işin materiallarından əvvəllər verilmiş İXM-nin 198.1.5-ci maddəsi təkrar olaraq verilmişdir. Ona görə də yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi – X12 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X16 qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu bildirdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X2 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, N saylı hərbi hissənin komandiri X3 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.2-ci maddəsinin tələbi pozularaq V.İ.Xanlarov 24 saat iş rejimi ilə işlədildiyi üçün X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. 30 iyul 2019-cu il tarixdə N nömrəli hərbi hissə komandiri ilə X7 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iş saat 09:00-da başlanır, saat 09:00-da qurtarır; iş 03 (üç) növbəlidir. 27 yanvar 2023-cü il tarixli hərbiləşdirilmiş mühafizə bölməsinin postlar cədvəlindən görünür ki, mühafizəçilərin postlara qoyulması vaxtları- ikinövbəlilər üçün 10:00; 12:00; 14:00; 16:00; 18:00; 20:00; 22:00; 00:00; 02:00; 04:00; 06:00; 08:00-dır. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1257/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmasına dair 16 may 2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və iş yenidən baxılması üçün qərarı qəbul etmiş orqana göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-480/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1257/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarından X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci bəndinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik is günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidilər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında” Təlimat, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi və Müdafiə Nazirliyinin müvafiq normativ hüquqi aktları əsasında işlənib hazırlanmışdır. 2.2.3. sıravi heyət –atıcı-mühafizəçi, (X4 işlədiyi vəzifə), idarəetmə pultu növbətçisi, texniki ərazinin nəzarət buraxılış məntəqəsində nəzarətçi, xidməti itlərin təlimçisi. 2.3.3. Qarovul xidməti 12 və ya 24 saat ərzində aparılır. Qarovul nəfərlərinin iş saatı neçə vaxt bilavasitə postda və ya neçə vaxt qarovul otağında olmasından asılı olmayaraq, 12 və ya 24 saatdan çox olmamaq şərti ilə qarovulda olduğu vaxtdan hesablanır. 2.4. Qarovulun tərkibinə təyin edilir: 2.4.5. Atıcı mühafizəçilər. 2.6. İş vaxtının rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən təyin edilir. 2.7. İş vaxtının rejimi (iş növbəsinin başlama və qurtarma vaxtları, iş və istirahət günlərində, növbələrdə işçilərin əvəzedilmə ardıcıllığı) iş (növbə) qrafiki ilə müəyyənləşdirilir. İş (növbə) qrafiki elə tərtib olunur ki, hər işçinin iş vaxtının saatlarının cəmi və qrafikə əsasən istirahət günlərinin sayı, hesablanma dövründə iş vaxtının qəbul edilmiş normasına və bu dövrdə 6 günlük iş həftəsi üçün təyin olunmuş istirahət günlərinin sayına bərabər olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.2-ci maddəsinin tələbini pozaraq V.İ.Xanlarovu 24 saat rejimində işlətməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, X7 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqaviləsində qeyd edilir ki, iş saat 09:00-da başlanır, saat 09:00-da qurtarır və iş 03 (üç) növbəlidir. Həmçinin hərbiləşdirilmiş mühafizə bölməsinin postlar cədvəlindən görünür ki, mühafizəçilər iki saat işləmək və iki saat istirahət etməklə növbəli şəkildə cəmi on iki saat işləyir və on iki saat istirahət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, N saylı hərbi hissə komandiri tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə olan halda məhkəmə qeyd edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən N saylı hərbi hissənin komandiri X2 Azərbaycan Respublikasının İXMnin 198.1.5-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar