Məhkəmə qərarları › İş №3(125)-561/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-561/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-561/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və müdafiəçi - Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında MN ******* saylı 19 yanvar 2024-cü il tarixli qərara əsasən onun tərəfindən X11 Azərbaycan Respublikası ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Atatürk prospektində yerləşən köhnə Xalça kombinatında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsassız olaraq müəyyən edilmiş və qanunsuz olaraq vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 (dörd min) manat inzibati cərimələnmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarından istifadə edərək yuxarıda qeyd olunan inzibati qərardan aidiyyəti üzrə birinci instansiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı Qərarı qərəzli (prokurorluğun tapşırığına görə), qanunsuz, ədalətsiz və tam əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və işə aidiyyəti olmadığı üçün inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Onunla 01 avqust 2023-cü il tarixində "xxxx" MMC, direktor X8 ilə arasında №01 saylı “Podrat Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə görə o, müəyyən işləri görmək şərti ilə ay ərzində 500 manat muzdlu şəkildə təşkil etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyində tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya 456.50 manat miqdarında muzd haqqı ödənilmişdir. Aralarında olan podrat müqaviləsinə əsasən o, heç bir məsuliyyətə cəlb edilməməli, hər hansı bir vəzifə səlahiyyəti olmayıb, hər hansı bir sərəncam vermək hüququ olmayıb. Buna baxmayarq inzibati orqan onu vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Yuxarıda qeyd olunan müqaviləni inzibati orqana təqdim etmiş və vaxtı ilə adına olan VÖEN-in aktiv olmadığını bildirmiş, lakin qanunsuz olaraq vəzifəli şəxs kimi tanınmışdır. Barəsində tətbiq edilmiş MN ******* saylı 19 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında inzibati qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, ümumiyyətlə inzibati protokolun tərtib edilməsi İXM tələbləri kobud şəkildə pozularaq yazılmışdır. Qanunun tələbindən də göründüyü kimi o, vəzifəli şəxs olmamaqla adi bir işçidir və heç bir sahibkarlıq və ya digər səlahiyyət verən bir fəaliyyət ilə məşğul deyil. Belə olan halda onun barəsində vəzifəli şəxs kimi tərtib edilmiş qərar tam qanunsuz və əsassızdır. Göründüyü kimi barəsində tərtib edilmiş MN ******* saylı 19 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında qərar (protokol) İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Qeyd olunanlarla bağlı və işin tam düzgün və obyektiv araşdırılmaması səbəbindən Azərbaycan Respublikası DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən tətbiq edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Buna görə də Azərbaycan Respublikası DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən tətbiq edilmiş MN ******* saylı 19 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı qanunsuz və əsassız hesab etdiyini bildirərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 vəkili Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili X1 Samir Fazil oğlu ilə eyni məzmunda çıxış edərək, bildirdi ki, əgər şəxs podrat müqaviləsi bağlayıb digər tərəfin məşğul olduğu fəaliyyət növü ilə məşğul olmursa onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar aəbul edilə bilməz. Bu səbəbdən də X3 barəsində Azərbaycan Respublikası DƏMX-nin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* saylı 19 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, X5 ilə "xxxx" MMC-nin direktoru X8 arasında xidmət göstərilməsinə dair podrat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən Samir Allahverdiyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan, elektron uçotbaza məlumatlarına əsasən tərəfinizdən vergi orqanına təqdim olunmuş hər hansı vergi bəyannaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X5 ilə X11 arasında olan münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirilməlidir. O cümlədən X5 tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, şəxs inzibati xəta hadisəsi olmadan törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübutlar olmadığından X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar