Məhkəmə qərarları › İş №3(125)-563/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-563/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-563/2022 09.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, 23 avqust 2022-ci il tarixdə saat 19:35-də “MERCEDES BENZ 190” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikas İXM-in 329.3-cü maddəsinin-işıq cihazlarından istifadə qaydalarının pozulması, 333.2-ci maddəsinin-bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarına yol verilmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirdi ki, 23 avqust 2022-ci il tarixdə saat 19:35 radələrində idarə etdiyi “MERCEDES BENZ 190” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs Gəncə şəhər X6 X5 Xidmətinin əməkdaşı tərəfindən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və sərxoşluq hallarının müayinəsi zamanı şəxsin narkotik vasitə hesab edilən THC istifadə etməsi müəyyən olunmuşdur. Şəxsin bu il ərzində daha bir dəfə sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq, Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Ona görə də barəsində haqlı olaraq xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, o, 23 avqust 2022-ci il tarixdə axşam saatlarında nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Gəncə şəhər X6 X5 Xidmətinin inspektoru tərəfindən saxlanılmış, müayinədən keçirildiyi zaman onun nəqliyyat vasitəsini narkotik maddənin təsiri altında idarə etməsi və eyni xətanı bir il ərzində təkrar törətməsi müəyyən edilərək barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O narkotik vasitədən axırıncı dəfə 1 ay öncə toy məclisi zamanı istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 06 iyun 2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs 11 may 2022-ci il tarixdə idarə etdiyi avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətaya yol verdiyinə görə saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir . İş materiallarında olan 23 avqust 2022-ci il tarixli 1900/2022 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində “THC” aşkar edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə barəsində icraat aparılan şəxsin barəsində sərt inzibati tənbeh tədbirinin seçilməsini, yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq isə həmin inzibati tənbeh tədbirinin aşağı həddinin seçilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. İnzibati xəta haqqında protokolda göstərilmiş digər inzibati xətaya münasibətdə məhkəmə bildirir ki, protokolda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin digər maddəsi (329.3-cü) Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.8-ci bəndinə əsasən baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətalara baxılma səlahiyyəti müxtəlif orqanlara aid olsa da onlar barəsində vahid protokol tərtib edilmişdir. Bu baxımdan, məhkəmə digər inzibati xətaya hüquqi qiymət verilməsi üçün protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X6i Şöbəsinə geri qaytarılmasını zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 09 sentyabr 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə müəyyən olunan tənbeh tədbiri məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X6i Şöbəsinə göndərilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 9 saylı Gəncə RQİ və TBŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar