Məhkəmə qərarları › İş №3(125)-567/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-567/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-567/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evinin yaxınlığındakı fünvansız fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gülüstan qəsəbəsində Mercedes markalı **-CM-*** qeydiyyat nömrəli avtombil ilə manevr qaydasını pozduğu üçün saxla işarə verilmiş, sürücü bilərəkdən saxla işarəsinə tabe olmayaraq binaların arasında yüksək sürətlə hərəkətini davam etdirmişdir. Daha sonra onun maşını saxlanılmış, ona yaxınlaşan zaman sürücü Şəxs kəskin alkoqol iyi gəldiyinə görə müayinəyə dəvət olunmuşdur. Bu zaman sürücü Şəxs tabe olmayaraq ucadan səs küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Gəncə şəhər DYPŞ-nin YPX inspektoru polis baş serjantı X2 raportu əsasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gülüstan qəsəbəsində Mercedes markalı **-CM-*** qeydiyyat nömrəli avtombil ilə manevr qaydasını pozduğu üçün saxla işarə verilmiş, sürücü bilərəkdən saxla işarəsinə tabe olmayaraq binaların arasında yüksək sürətlə hərəkətini davam etdirmişdir. Daha sonra onun maşını saxlanılmış, ona yaxınlaşan zaman sürücü Şəxs kəskin alkoqol iyi gəldiyinə görə müayinəyə dəvət olunmuşdur. Bu zaman sürücü Şəxs tabe olmayaraq ucadan səs küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan əməli törətməmiş, lakin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutlan əməli törətmişdir. O ailəsi maşında olduğu üçün maşını saxlamamış, ailəsini evinin qarşısında düşürdükdən sonra polisə tabe olmuş və könüllü şəkildə şöbəyə getmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Bir daha belə hallara yol verməyəcək. Ailə vəziyyətini nəzərə alınaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-i inspektoru polis baş serjantı X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gülüstan qəsəbəsində Mercedes markalı **-CM-*** qeydiyyat nömrəli avtombil ilə manevr qaydasını pozduğu üçün saxla işarə verilmiş, sürücü bilərəkdən saxla işarəsinə tabe olmayaraq binaların arasında yüksək sürətlə hərəkətini davam etdirmişdir. Daha sonra onun maşını saxlanılmış, ona yaxınlaşan zaman sürücü Şəxs kəskin alkoqol iyi gəldiyinə görə müayinəyə dəvət olunmuşdur. Bu zaman sürücü Şəxs tabe olmayaraq ucadan səs küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də Gəncə şəhər 1-ci Polis Şöbəsində aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-i inspektoru X4 şahid X6 eyni məzmunlu izahat vermişdir. İş materiallarında Gəncə şəhər DYPŞ-nin YPX-i inspektoru polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ekipaş yoldaşı Mürşüd Abdiyev ilə xidmətdə olan zaman adını sonradan bildikləri Şəxs xx.xx.2024-cü il tarixdə Gülüstan qəsəbəsində Mercedes markalı **-CM-*** qeydiyyat nömrəli avtombil ilə manevr qaydasını pozduğu üçün saxla işarə verilmiş, sürücü bilərəkdən saxla işarəsinə tabe olmayaraq binaların arasında yüksək sürətlə hərəkətini davam etdirmişdir. Daha sonra onun maşını saxlanılmış, ona yaxınlaşan zaman sürücü Şəxs kəskin alkoqol iyi gəldiyinə görə müayinəyə dəvət olunmuşdur. Bu zaman sürücü Şəxs tabe olmayaraq ucadan səs küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də tərəflərindən aparılaraq Gəncə şəhər Polis idarəsinin 1-ci polis Şöbəsinə təhvil verlmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı özünün ifadəsi və digər sübutlarla ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və digərə sənədlər ilə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında protokola Şəxs inzibati xəta hadisəsini törətdən vaxt sərxoş olmasına dair mötəbər sübutlar – sərxoşluğun müayinə edilməsinə dair akt və ya protokol əlavə edilmədiyindən, məhkəmə onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirə bilmir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar