Məhkəmə qərarları › İş №3(125)-569/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-569/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-569/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar üzrə İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyası, Puskov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər prokurorluğundan inzibati xəta haqqında material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 14 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərarda Şəxs 2021-ci ilin iyun ayından Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində, N.Nərimanov prospekti 43 ünvanında yerləşən və atası X9 icarə müqaviləsi əsasında işlətdiyi elektronika əşyalarının alqı-satqısı və təmiri mağazasında elektronika əşyalarının təmiri ustası işləməklə, həm də elektronika əşyalarının alqı-satqısı ilə məşğul olmaqla aylıq olaraq 300 manat qazanc əldə etmiş, o, 2021-ci ilin 7 ayı, 2022-ci ilin 12 ayı və 2023cü ilin 2 ayı olmaqla, ümumilikdə 21 ay olmaqla 6300 (altı min üç yüz) manat, televizorun satışından isə 50 manat qazanc əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar üzrə İdarəsinin nümayəndəsi X6 bildirdi ki, inzibati xəta haqqında iş materiallarında qeyd edilmiş inzibati xətanın Şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 2021-ci ilin iyun ayından Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində, N.Nərimanov prospekti 43 ünvanında yerləşən və atası X9 icarə müqaviləsi əsasında işlətdiyi elektronika əşyalarının alqı-satqısı və təmiri mağazasında usta işləmişdir. X19 işləməyi ilə bağlı onunla əmək müqaviləsi bağlamamışdır, atası onun gördüyü işlə bağlı oğlu olduğundan ona maaş verməmiş və o, gördüyü işlə bağlı atasına pul vermir, ancaq işlərində atasına kömək etmişdir. O, başqa işlə məşğul olduğunu, atasının yanında daimi işləmədiyini, sadəcə boş vaxtlarında atasının yanına getdiyini bildirmişdir. Həmçinin, Gəncə şəhər sakinlərindən elektronik əşyaları ucuz qiymətə alıb, üzərinə qazanc qoymaqla satıb. Bundan əlavə elektronika əşyalarını xidmət haqqı müqabilində təmir edib. X3 əvvəllər tanımamışdır. X20 ilə əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. 25 may 2022-ci il tarixdə, saat 11 radələrində Sabir Quliyev mağazaya daxil olub özünə məxsus LG 43 LH markalı televizorun olduğunu, həmin televizoru Türkiyə Respublikasından gətirdiyini, təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini demişdir. O isə özü istifadə etmək üçün televizoru almaq məqsədi ilə Sabirə televizora baxmaq istədiyini bildirmiş, Sabir ona televizoru əlindən yerə salıb onun ekranını sındırdığını, hazırda televizorun ekranının cizgili göstərdiyini, birlikdə gedib ona baxmağı xahiş etmişdir. O, da istifadəsində olan “VAZ-2106 markalı”, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirin göstərməsinə əsasən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, o, Sabirlə birlikdə evin həyətinə daxil olmuşdur. Sabir evin otağına daxil olub televizoru həyətə gətirmiş, evin həyətində televizorun şunurunı elektrik yuvasına daxil edib onun ekranına baxmışdır. Televizorun ekranının cizgili göstərdiyini gördüyü üçün o, Sabirə onu istəmədiyini, alacağı təqdirdə televizorun ehtiyat hissələrini söküb satacağını demişdir. O, Sabir ilə bir neçə dəqiqə söhbət etdikdən sonra televizoru ondan 230 manata almışdır. Sonra o, Sabirə şəxsiyyət vəsiqəsini üzərində götürməsini, onunla birlikdə mağazaya getməsini xahiş etmişdir. Sabir televizoru avtomobilin arxa oturacağının üzərinə qoyub, birlikdə mağazaya getmişlər. O, mağazada olan printerlə Sabirə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmış və Sabir surəti çıxardılmış vəsiqəsinin üzərinə qeyd aparmışdır. Sabir kağıza “mən X7 LG 43 LH televizorumu ehtiyacım olduğu üçün 230 manat dəyərində öz istəyimlə satıram Şəxs” qeydlərini apararaq imza etmiş, mobil telefon nömrəsini və ayın tarixini qeyd etmiş, sonra isə mağazadan çıxıb getmişdir. O, Sabirin satdığı televizorun oğurluq olmasını bilməmiş və onun oğurluq olmasını bilsəymiş heç vaxt almazdı. O, 230 manata aldığı həmin televizoru onu qane etmədiyi üçün 280 manata satmış və 50 manat qazanc əldə etmişdir. O, həmin televizoru tanımadığı şəxsə satdığı üçün polislər televizorun oğurluq olmasını dedikləri vaxt televizoru qaytara bilməmişdir. O, həmin mağazada və həm də səyyari olaraq fəaliyyət göstərdiyindən vergi orqanında VÖEN açdırmamış və gələcəkdə həmin fəaliyyətlə məşğul olmaq üçün VÖEN açdırmasını nəzərdə tutmuşdur. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən X4, X10, X5, Şəxs, X11 və X12 məişət əşyalarını alan zaman əşyaların oğurluq olmasını, o cümlədən Sabir Quliyevdən 01 ədəd Novahot markalı Almaniya istehsalı 40-lıq işlənmiş kombi istilik sistemi, 01 ədəd Arçelik markalı soyuducunun işlənmiş mühərrikini alan iki nəfər kişi, 29-luq velosiped alan bir nəfər kişi, Samsung J3 2017 markalı və 01 ədəd Samsung E1205 markalı mobil telefonları alan bir nəfər kişi X1 onların oğurluq olmasını bilmədiklərindən, onların barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilməsi, Gəncə şəhər prokurorluğuna göndərilməsi üçün yuxarıda göstərilən şəxslər barəsində cinayət işinin materiallarından material ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd:

1. Bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi 14 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarla Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmiş və həmin qərarın qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə Gəncə şəhər prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərarı üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb olmuş əməllərə görə inzibati tənbeh cinayət işinin başlanmasının rədd edildiyi barədə qərarın qəbul edildiyi gündən üç ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs barəsində Gəncə şəhər prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar