Məhkəmə qərarları › İş №3(125)-570/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-570/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-570/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış material şəhər prokurorluğunda öyrənilmiş, Şəxs 2021-ci ilin iyun ayından Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 31-də yerləşən mağazanı Gəncə şəhəri sakini Yusif adlı şəxsdən rəsmi icarə müqaviləsi olmadan 70 manat icarəyə götürərək həmin mağazada ayaqqabı təmiri və köhnə məişət əşyalarının alqı-satqısı ilə məşğul olmaqla aylıq icarə haqqını verəndən sonra aylıq olaraq 200 manat qazanc əldə etmiş, o, 2021-ci ilin 7 ayı, 2022-ci ilin 12 ayı və 2023-cü ilin 2 ayı olmaqla, ümumilikdə 21 ay olmaqla 4200 (dörd min iki yüz) manat, tikiş maşınının satışından isə 20 manat qazanc əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olmaqla onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı kifayət qədər təsdiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qərar düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərarda qeyd olunmuşdur ki, vətəndaş Şəxs ümumilikdə 21 ay olmaqla 4200 manat, tikiş maşınının satışından 20 manat qazanc əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində qeyd edilir ki, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi həmin normanın sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi imperativ qaydada göstərilmişdir. Başqa sözlə, əgər məhkəmə şəxsi İXM-in 398-ci maddəsi ilə təqsirli bilərsə, tənbeh növü kimi inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə etməlidir. Lakin inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə olaraq əldə etdiyi gəlirin məbləği dəqiq müəyyən olunmamış, sadəcə onun özünün izahatında aylıq 200 manat qazanması əsas götürülərək işlədiyi 21 aya uyğun hesablanmış və tikiş maşınını sataraq əldə etdiyi 20 manat əsas götürülmüşdür. Halbuki şəxs öz gəlirini məsuliyyətdən yayınmaq məqsədi ilə daha aşağı göstərə bilər. Həmçinin qanunsuz sahibkarlıq fəaliyyəti davamlı və mütəmadi olmalıdır, yalnız bir dəfə tikiş maşını sataraq 20 manat qazanc əldə edilməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirilməməlidir. Bundan başqa səlahiyyətli orqan tərəfindən ətraflı inzibati araşdırma aparılmalı, zərurət olduqda müavfiq dövlət orqanlarına sorğular verilməklə və ekspertiza təyin olunmaqla əldə edilmiş gəlirin məbləği müəyyənləşdirilməli idi. Belə olan təqdirdə, inzibati xəta haqqında işə baxılması nəticəsində Şəxs İXM-in 398-ci maddəsi ilə təqsirli bilinməsi halında, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi məsələsini həll etmək qeyri-mümkündür. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun nümayəndəsi qərarı müdafiə etdiyini, materialın geri qaytarılması barədə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar düzgün tərtib olunmadığından və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar və toplanmış material Gəncə şəhər prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar