Məhkəmə qərarları › İş №3(125)-576/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-576/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-576/2024 05.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ 1-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ictimai yerdə xuliqanlıq hərətləri edərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ 1-ci polis şöbəsinin sahə rəisi X6 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 04 fevral 2024-cü il tarixdə saat 23:00 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində şəhid və qazi ailələrinə verilmiş yaşayış binalarının arasında mercedes spinter markalı avtomobilin sürücüsü adı polisə sonradan məlum olan Şəxs təhlükəli manevrlər edərək, qəza şəraiti yaratmışdır. Polis əməkdaşları dərhal sürücünü saxlatmış, ona etdiyi qayda pozuntusunu izah etdikdə o, ucadan nəlayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs sərxoş halda avtomobil idarə etdiyinə dair polis əməkdaşlarında əsaslı şübhələr yaranmış, onu sərxoşluq müayinəsindən keçirmək istədikdə o, qəti surətdə müayinədən imtina etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 04 fevral 2024-cü il tarixdə Gəncə şəhəri Yeni Gəncə ərazisində yerləşən “Sevgilim” Şadlıq sarayında dostunu oğlunun hərbi xidmətdən gəlməsi münasibəti ilə keçirilən qonaqlıqda olmuş, orada spirtli içki qəbul etmişdir. Daha sonra evə qayıdarkən axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmış, spirtli içkinin təsirində olduğu üçün onun nə dediyi nə etdiyi yadında olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə əməl törətməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin yol patrul inspektoru polis serjantı X4 bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə saat 23:00 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində olarkən post-patrul xidməti əməkdaşı onlara etik vasitə ilə məlumat verərək bildirmişdir ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən şəhid və qazi ailələrinə verilmiş yaşayış binalarının arasında mercedes spinter markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək, qəza şəraiti yaratmışdır. O, dərhal həmin əraziyə yaxınlaşmış, mercedes spinter markalı avtomobilin sürücüsü adı onlara sonradan məlum olan Şəxs saxlamışlar. Həmin vaxt onlar Xəyal ilə söhbət zamanı onun avtomobili sərxoş idarə etməsi barədə onlarda əsaslı şübhələr yaranmışdır. Xəyalı sərxoşluq müayinəsindən keçirmək istədikdə o, ucadan nəlayiq ifadələr işlədərək müayinədən qəti surətdə imtina etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak etmiş digər şahidlər X5, X1, X3 şahid X4 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoş olduğu üçün müayinədən imtina etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahidin izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs əməli sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb,, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 23:45-də inzibati qaydada tutulmuşdur. Buna görə də, həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar