Məhkəmə qərarları › İş №3(125)-577/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-577/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-577/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Ulduz” market adlı obyektin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Bu əmələ görə X5 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini səmimi etiraf edərək bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Ulduz Market” adlı obyektin sahibidir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən “Ulduz” market adlı obyektin üzərində (açıq məkanda) yayımladığı reklamla bağlı ona göndərilmiş yazılı göstərişi qəbul etdiyini və yazılı göstərişi almasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu sahədə müvafiq icazə ala bilməmiş və qanunla müəyyən edilmiş yayım haqqını ödəyə bilməmişdir. Barəsində inzibati tənbeh tətbiq edilərkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 11-3-3/2-060/2023 nömrəli yazılı göstərişdən görünür ki, Açıq məkanda reklam yayımı ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən sahibkar Şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Ulduz” market adlı obyektin üzərində (açıq məkanda) yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində müvafiq icazənin alınması üçün Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, 18 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, Gülüstan qəsəbəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla fasadda 2,70 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 121 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, Gülüstan qəsəbəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan) fasadda 2,70 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 11-3-3/2-132/2023 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakı barədə yazılı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən sahibkar Şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Ulduz” market adlı obyekt üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün xx.xx.2023-cü il tarixli, 11-3-3/2-060/2023 saylı yazılı göstəriş göndərilmişdir. Yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq o, icazə almamış və qanunla müəyyən edilmiş yayım haqqını ödəməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və iştirak etməsi üçün idarəyə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixli, 122 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən ”Ulduz” market adlı obyektin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixli, 11-3-3/2-132/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X5 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs rəsmi qaydada dəvət edilsə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün idarəyə gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X5 İdarəsi bu səlahiyyətə istinad edərək Şəxs yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermiş, sonuncu isə müvafiq icazəni almadan reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf etməsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (FİN xxxxxxx; VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar