Məhkəmə qərarları › İş №3(125)-580/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-580/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-580/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X5, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, şikayətçi X1 iştirakı ilə, şikayətçi X1 xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər BPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru Rüstəm Namazovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, o, Gəncə şəhər BPİ-nin X11 Şöbəsinin baş inspektoru polis mayoru Rüstəm Namazov tərəfindən tərtib edilmiş xx.xx.2022-il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 150 manat məbləğində cərimə olunmuşdur. Həmin xx.xx.2022-il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar polis əməkdaşı tərəfindən qəbul edilərkən inzibati xətanın mövcud olub-olmaması ətraflı araşdırılmamış, inzibati icraat aparan orqan tərəfindən sübuta yetirilməyən hal üzrə inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, inzibatı icraat zamanı sübuta yetirilməyən hallar vətəndaşın xeyrinə realizə edilməlidir. Belə ki, polis nəfəri tərəfindən tərüb edilmiş inzibati qərar o zaman qanuni və əsaslı hesab edilə bilərdi ki, həmin qərar “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində göstərilən xüsusatlar əsasında tərtib edilmiş olsun. “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd edilir ki: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş reyimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; 3) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. Yuxarıda sadalanan hallar cərimənin yazılması üçün əsas ola bilərdi, lakin ona məxsus avtomobildə heç bir əlavə işıq cihazı quraşdırma halı olmadan, yalnız avtomobilin istehsalçısı tərəfindən qoyulan işıq cihazlarına görə cərimə tətbit edilmişdir. İnzibati orqan isə işin bu mühum əhəmiyyətli halını nəzərdən qaçıraraq, konstruksiyaya uyğun qoyulmuş işıq cihazını əlavə avadanlıq kimi qeydə almışdır. O, sözügedən “Kia Sorento” markalı avtomobili Cənubi Koreya Respublikasından sifariş edərək gətirmiş, həmin avtomobili texniki baxışdan keçirərək istifadə etməyə başlamışdır. Texniki baxış zamanı avtomobilin işıq cihazlarına heç bir irad bildirilməmiş, qanunvericiliyə uyğunluğuna dair avtomobilə texniki baxış sənədi verilmişdir. Bundan başqa hazırda mübahisələndirilən qərar o halda qanuni əsaslarla yazılmış olardı ki, inzibati orqan, yəni Gəncə şəhər BPİ-nin X11 işıq cihazının nəqliyyat vasitəsinin konstruksiyasına uyğunsuzluğunu aşkar etmiş olsun, yəni hər hansı müayinədən keçirməklə bunu aşkar etsin. Digər tərəfdən işıq cihazlarının nizamlanmasının dövlət standartlarının tələblərinə uyğun olmamasının sübut edilməsi yükü Gəncə şəhər BPİ-nin X11 Şöbəsinin üzərinə düşdüyü halda, cavabdeh təşkilat tərəfindən hərəkətsizlik göstərilməklə qərar qəbul edilmişdir. Halbuki, qərar qəbul edilərkən avtomobildə olan işıq cihazının dövlət standartına uyğun olmamsının sübüt edilməsi mütləq şərtlərdən idi. O, avtomobilini satarkən məcbur olub cəriməni ödəmişdir. Sonda o, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 bildirmişdir ki, X3 avtomobilinə əlavə işıq quraşdırdığı üçün yerində inzibati protokol tərtib edilmiş və orada həmin xətanı aradan qaldırmaq mümkün olmadığı üçün avtomobili cərimə meydançasına aparmışlar. Bu barədə video çəkiliş aparılmış, sürücüyə izah edilmişdir. Sonradan pozuntu aradan qaldırıldıqdan sonra avtomobi cərimə meydançasından buraxılmışdır. LED işıqların quraşdırılması yalnız “MD” yazısı olan avtomobillərdə mümkündür. X3 avtomobilində mənbəyi məlum olmayan firmanın LED işıqları olmuş, həmin işıqların isə düşmə buçağı və məsafəsi standartlara uyğun olmur. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Kia Sorento markalı, 20CZ200 dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə və nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə Azərbaycan Respublikasının İXM-nin 342.6 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 maşına əlavə avadanlıq quraşdırıb və telefon əlində idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 342.6 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş xətaları törətmiş və İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin avtomobilində olan LED işıqların standartlara uyğun olmaması, yəni həmin işığın miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması, düşmə bucağının düzgün olmaması, işıq yayma məsafəsinin düzgün olmaması, işıq yayıcıların işıq cihazının tipinə uyğun olmaması və s. inzibati orqan tərəfindən qərar qəbul edilərkən ətraflı araşdırılmamış, bununla bağlı hər hansı mütəxəssis və ya ekspert rəyi alınmamış, hər hansı normativ akta istinad edilməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 3-cü hissəsinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2020-ci il tarixli MN0096985 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Rüstəm Namazov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin X11 şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar