Məhkəmə qərarları › İş №3(125)-599/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-599/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-599/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, P.Səmədov küçəsi, ev 33də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində istifadəsində olan “Kia Optima” minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdıraraq idarə etmişdir. Bununla da o, İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən İXP ******* nömrəli, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində istifadəsində olan “Kia Optima” minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdıraraq idarə etmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə pozuntulara yol verməyəcək. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Kia Optima” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir dəst yüksək tonlu, çoxavazlı səs siqnalı aşkarlanaraq, məhkəməyə təqdim edilməsi üçün sökülərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, “Kia Optima” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə təchiz edilməsi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli Şəxs izahatından görünür ki, o, avtomobilində çoxavazlı səs siqnalından istifadə etdiyini etiraf etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublkası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinin Vİİ bəndinin 8-ci hissəsində operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunması nəqliyyat vasitəsinin nasazlığına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə baxışında İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılığıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətdiyini, əməlini etiraf etməklə peşman olmasını nəzərə alaraq onun törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulduğundan Şəxs məxsus olan, akta əsasən götürülmüş və məhkəmənin inzibati binasında saxlanılan bir ədəd çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni nəqliyyat vasitəsinə müvafiq icazə olmadan quraşdırılmış çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar