Məhkəmə qərarları › İş №3(125)-601/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-601/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-601/2022 20.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Əmrah Fikrət oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN BNMİ Qərb Bölgəsi üzrə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, Əmrah Fikrət oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Əmrah Fikrət oğlu izahat verərək bildirmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə saat 18:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Həsənov X4 şəhəri, C.Cabbarlı küçəsi ev, 16 ünvanında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmişdir. Orada Şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 0,079 qram psixotrop maddə metamfetamin aşkar edilmiş, sonuncu həmin metamfetamini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona görə də onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağstafa rayonu, C.Cabbarlı küçəsində yolun kənarında olan zaman polis əməkdaşları onu saxlamış və narkotik vasitə saxlanılmasında şübhəli olduğu üçün BNMİ-nin QBRŞ-nə aparmışlar. Orada onun üzərinə keçirilən baxış zamanı üzərində psixatrop maddə-metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitəni o, Ağstafa rayonundan tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün almış, 1 aydır ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, xəstə anasına baxdığını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 19 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 18 sentyabr 2022-ci il tarixdə saat 18:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Ağstafa rayonu Yenigün kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Həsənov X5 rayonu, C.Cabbarlı küçəsində saxlanılaraq BNMİ QBRŞ-ya gətiurilmiş, QBRŞ-da şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncunun üzərindən bir ədəd bükümdə təmiz çəkisi 0,079 qram psixotrop maddə metamfetamin aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmadığına görə vətəndaş Şəxs, əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib əsası olmaması əsasına görə rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X1 tərtib etdiyi 18 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əmrah Fikrət oğlunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin məsul növbətçi köməkçi, polis baş serjantı X2, şübhəli şəxs Şəxs onun müdafiəçisi X3 iştirakı ilə Şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı sonuncu əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin büküm çəkildik də çəkisi 0,12 qram olmuşdur. - xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:40-da qanunsuz olaraq satış məqsədi olmadan psixotrop maddə - metamfetamin əldə edib üzərində saxladığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 19 sentyabr 2022-ci il tarixli 1401 saylı rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab şəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - 19 sentyabr 2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində sidikdə AMP aşkar edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinin 16/1121 saylı 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə netamfetaminə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,079 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrip maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. - xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, şübhəli şəxs Şəxs həmin tarixdə 20:30-da tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq olmayan miqdarda əldə edərək üzərində saxlamış və istehlak etmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs psixotorp maddədən istifadə etməsi və əldə edərək üzərində saxlaması, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar