Məhkəmə qərarları › İş №3(125)-610/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-610/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-610/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 11000-01514/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Gürcüstan Respublikasından 35BK459/35ZB259 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Sianidlər” yükü **********6525 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs QSCnin ünvanına 35BK459/35ZB259 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan QSC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023cü il tarixdə, 11000-01514/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs QSC-nin nümayəndəsi X1 Respublikasından idxal olunan “Sianidlər” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin yükün gəlməsi vaxtını və sənədləri göndərən şirkət vaxtında QSC-yə məlumat verməməsi və həmçinin daşıyıcı şirkətə QSC tərəfindən qısa idxal bəyannamələrinin hazır olması barədə məlumat verilmədən sürücülərin özbaşına 23-dən 24-nə keçən gecə sərhəd keçid məntəqəsini keçərək ölkə ərazisinə daxil olmaları ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 ifadə verərək, həmçinin vəsatət təqdim edərək bildirdi ki, cəmiyyət ilə "Rustavi Azot" Səhmdar Cəmiyyəti ("Kontragent") arasında 11 noyabr 2022-ci il tarixli müqaviləyə ("Müqavilə") əsasən 1000 (min) ton sianidin ölkəyə gətirilməsi üçün qanunvericiliyə uyğun olaraq, Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edərək 24 noyabr 2022-ci tarxində müvafiq icazəni (dərkənar sənədi, surəti əlavə edilir) əldə etmişdir. Həmin icazənin verilməsinə dair aidiyyəti qurumlara, o cümlədən Dövlət Gömrük Komitəsinə məlumat verilmişdir. Müqavilə əsasında gətiriləcək mallar ölkəyə 7 nəqliyyat vasitəsi ilə gətirilmişdir. Belə ki, malların gətirilməsi zamanı Kontragentlə danışıqlar işgüzar qaydada elektron poçt vasitəsilə baş tutmuş, tərəflər arasındakı yazışmalardan aydın olur ki, Cəmiyyət Kontragentlə malların 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsinə razılaşmış, lakin Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023-cü il tarixində keçmiş və bu barədə əvvəlcədən Cəmiyyətə heç bir məlumat verməmişdir. Nəticə etibarilə, nəqliyyat vasitələrinin sərhədə gəlməsi 27 fevral tarixində gözlənildiyindən Kontragent tərəfindən aidiyyəti sənədlər təqdim edildikdən dərhal sonra Cəmiyyət qısa idxal gömrük bəyannaməsini tərtib edilməsi üçün gömrük brokerinə məlumat vermişdir. Lakin proses tərəflərin razılaşmasından kənar irəlilədiyi üçün Məcəllənin 485.2-ci maddəsi ilə inzibati xətanın obyekti faktiki olaraq baş vermiş və Cəmiyyətə bəyannaməçi qismində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Kontragent tərəfindən Müqavilənin şərtlərinə və tərəflərin işgüzar qaydada elektron yazışmalarındakı razılaşmaya uyğun davranmaması səbəbindən Məcəllənin 485.2-ci maddəsindəki xəta baş vermiş, lakin Cəmiyyətin təqsiri olmadığından inzibati xəta yaradıb-yaratmaması araşdırılmalıdır. Belə ki, yazışmalardan da aydın olduğu kimi Cəmiyyət Kontragentlə nəqliyyat vasitələrinin 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsi haqqında razılaşma əldə etsə də Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023-cü il tarixində gecə saatlarında keçmişdir. Nəticədə, Cəmiyyətin bu barədə məlumatı olmadığından həmin vaxta qədər qısa idxal bəyananməsini doldurulmasını fiziki olaraq təmin edə bilməmişdir. Yəni, burada əsas məqam Kontragentin özbaşına davranması və hərəkətləri ilə pozuntuya səbəb olmasıdır. Müqavilə üzrə bəyannaməçi Cəmiyyət hesab olunduğundan xəta baş verməsi Cəmiyyətin təqsiri olaraq qiymətləndirilmiş, lakin işin faktiki hallarına nəzər saldıqda aydın olur ki, faktın baş verməsi Cəmiyyətin nə qəsd, nə də ehtiyatsızlığı ucbatından olmamışdır. Nəticədə inzibati xəta anlayışındakı təqsirlilik elementi Cəmiyyətə aid olmadığından, inzibati xəta da Cəmiyyətə tətbiq edilməməlidir. Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınır. Cəmiyyət fəaliyyətinin ilk vaxtlarından etibarən bu günədək əsas fəaliyyət göstərdiyi regionda, yəni Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli əhalinin məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini həyata keçirərkən əmək fəaliyyətinə cəlb edilməsində yerli əhaliyə prioritet olaraq yanaşmışdır. Belə ki, hazırki dövrdə Cəmiyyətdə 560 nəfər, Podratçı şirkətlərdə 1665 nəfər olmaqla, ümumilikdə əlvan metalların hasilatı istiqamətində 2225 nəfər işə cəlb edilmişdir. Cəmiyyət yarandığı vaxtdan öz korporativ sosial məsuliyyətini dərk edərək Cəmiyyətdə bu məsuliyyətin lazımi qaydada həyata keçirilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaratmış və Komitə hər il regiona və oradakı əhaliyə sosial məqsədlə edilən yardımlara dair illik hesabatlarını dərc edir. Görülən işlər arasında Daşkəsən rayonunun Şadax kəndinin sakinlərinin müraciəti əsasında yeni su xəttinin çəkilməsi, Daşkəsəndə yeni məktəb binasının inşası, Daşkəsəndə minifutbol, universal voleybol-basketbol meydançalarının yenidən qurulması, Gəncə şəhərində regional autizm mərkəzinin yaradılması, Yuxarı Daşkəsən qəsəbəsinin içməli su şəbəkəsinin qurulması və əhalinin təlabatına uyğun digər infrastruktur layihələrini həyata keçirməsini misal çəkmək olar. Bundan başqa Komitənin fəaliyyəti çərçivəsində minlərlə ailəyə illik əsasda yüzminlərlə manat məbləğində ianələr edilmişdir. Cəmiyyətin xeyriyyəçilik fəaliyyəti Komitə tərəfindən dərc edilən hesbatlarda aydın görünür. Məcəllənin 31.3-cü maddəsinin təhlili zamanı qeyd etmək olar ki, qısa idxal bəyannaməsi verilmədən sianidi daşıyan nəqliyyat vasitələrinin ölkəyə daxil edilməsi Cəmiyyətə əlavə xeyir və ya maraqlarının təmin edilməsi ilə nəticələnməmiş və ümumiyyətlə Cəmiyyətin müdaxilə etmək imkanı olmadan baş vermiş pozuntu olmuşdur. Cəmiyyət öz sosial məsuliyyətini tam dərk etdiyi kimi, biznes fəaliyyətindəki məsuliyyətini də tam şəkildə qanunvericiliyə uyğun təşkil edərək həyata keçirir. Son olaraq Cəmiyyət fəaliyyət göstərdiyi qısa zamanda ölkə iqtisadiyyatında qeyrineft sektorunun lider dövlət şirkətlərindən birinə çevrilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixinədək qiymətlilərin ümumi satışı 329 min unsiyadan çox qızıl və 704 min unsiyadan çox gümüş təşkil etmişdir. Cəmiyyətin fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 120 milyon AZN-dən artıq məbləğdə vergi və rüsumlar ödənilib. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilmiş nizamnaməsi ilə vəzifələrini icra edir və həmin istiqamətlərdən biri də Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, effektliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün investisiyaların cəlb edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi təşkil edir. Bu fəaliyyət üzrə icranı təmin etmək üçün Cəmiyyət biznes nüfuzunu yüksək tutmaq üçün lazımı tədbirləri icra edir. Qeyd edilməlidir ki, Cəmiyyətə qarşı məhkəmə qərarının qəbul edilməsi onun gələcəkdə xarici investisiyaların cəlb edilməsi istiqamətində fəaliyyətinə birbaşa mənfi təsir edəcək. Halhazırda Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən xarici investisiyanın cəlb edilməsi istiqamətində bir sıra xarici investorlarla danışıqlar ərəfəsindədir, belə bir zamanda Cəmiyyətin təqsiri olmadan törədilmiş inzibati xətaya görə məhkəmə qərarının olması bu prosesin gedişatına xələl gətirə bilər. Cəmiyyət fəaliyyət göstərdiyi qısa müddətdə qeyri-neft sektorunda lider dövlət şirkətlərindən birinə çevrilmiş və hazırki inzibati xəta haqqında qərarın qəbul edilməsi Cəmiyyətin biznes nüfuzuna və gələcəkdə investisiyaların cəlb edilməsi istiqamətindəki fəaliyyətinə birbaşa xələl gətirəcək. Nəticə etibarilə, Cəmiyyətin gələcək fəaliyyətinin genişlənməsinə vurulan bu zərbə ölkə iqtisadiyyatında, daha dəqiq qeyri-sektorunda artım dinamikasında mənfi təsir etməsi halını istisna etmir. Qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "Azergold” QSC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "Azergold” QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********6525 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC-nin ünvanına Gürcüstan Respublikasından 35BK459/35ZB259 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Sianidlər” yükü Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs QSC-nin nümayəndəsi X1 Respublikasından 35BK459/35ZB259 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş “Sianidlər” yükünə dair qısa idxal bəyannaməsinin verilməməsinin səbəbini yükün gəlməsi vaxtı barədə və ona aid sənədləri göndərən şirkət vaxtında QSC-yə məlumat verməməsi və həmçinin daşıyıcı şirkətə QSC tərəfindən qısa idxal bəyannamələrinin hazır olması barədə məlumat verilmədən sürücülərin özbaşına 23-dən 24-nə keçən gecə sərhəd keçid məntəqəsini keçərək ölkə ərazisinə daxil olmaları ilə bağlı olduğunu və qanunvericiliklə qısa idxal bəyannaməsinin verilməsinə cavabdeh idxalçı olduğu üçün özlərini təqsirli hesab etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs QSC-nin idxal etdiyi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da Şəxs QSC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********, hüquqi şəxsin ünvanı - Azərbaycan Respublikası, ünvan 4zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar