Məhkəmə qərarları › İş №3(125)-615/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-615/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-615/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" QSC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" QSCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-01516/23 nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/002006 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Gürcüstan Respublikasından 99DE880/99ZE160 nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Sianidlər” yükü **********6475 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində bəyann edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, "xxxx" QSC-nin ünvanına 99DE880/99ZE160 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyənnaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan "xxxx" QSC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X2 yazılı çıxışını təqdim edərək bildirdi ki, "xxxx" QSC ilə "Rustavi Azot" Səhmdar Cəmiyyəti ("Kontragent") arasında 11 noyabr 2022-ci il tarixli müqaviləyə ("Müqavilə") əsasən 1000 (min) ton sianidin ölkəyə gətirilməsi üçün qanunvericililə uyğun olaraq, Cəmiyyət AR Nazirlər Kabinetinə müraciət edərək 24 noyabr 2022-ci tarxində müvafiq icazəni (dərkənar sənədi, surəti əlavə edilir) əldə etmişdir. Həmin icazənin verilməsinə dair aidiyyəti qurumlara, o cümlədən Dövlət Gömrük Komitəsinə məlumat verilmişdir. Müqavilə əsasında gətiriləcək mallar ölkəyə 7 nəqliyyat vasitəsi ilə gətirilmişdir. Belə ki, malların gətirilməsi zamanı Kontragentlə danışıqlar işgüzar qaydada elektron poçt vasitəsilə baş tutmuş, tərəflər arasındakı yazışmalardan aydın olur ki, Cəmiyyət Kontragentlə malların 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsinə razılaşmış, lakin Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023- cü il tarixində keçmiş və bu barədə əvvəlcədən Cəmiyyətə heç bir məlumat verməmişdir. Nəticə etibarilə, nəqliyyat vasitələrinin sərhədə gəlməsi 27 fevral tarixində gözlənildiyindən Kontragent tərəfindən aidiyyəti sənədlər təqdim edildikdən dərhal sonra Cəmiyyət qısa idxal gömrük bəyannaməsini tərtib edilməsi üçün gömrük brokerinə məlumat vermişdir. Lakin proses tərəflərin razılaşmasından kənar irəlilədiyi üçün Məcəllənin 485.2-ci maddəsi ilə inzibati xətanın obyekti faktiki olaraq baş vermiş və Cəmiyyətə bəyannaməçi qismində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin, Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Əlavə olaraq, Məcəllənin 8.2 və 8.3-cü maddələrinin tələblərinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Kontragent tərəfindən Müqavilənin şərtlərinə və tərəflərin işgüzar qaydada elektron yazışmalarmdakı razılaşmaya uyğun davranmaması səbəbindən Məcəllənin 485.2-ci maddəsindəki xəta baş vermiş, lakin Cəmiyyətin təqsiri olmadığından inzibati xəta yaradıb-yaratmaması araşdırılmalıdır. Belə ki, yazışmalardan da aydın olduğu kimi Cəmiyyət Kontragentlə nəqliyyat vasitələrinin 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsi haqqında razılaşma əldə etsə də Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023-cü il tarixində gecə saatlarında keçmişdir. Nəticədə, Cəmiyyətin bu barədə məlumatı olmadığından həmin vaxta qədər qısa idxal bəyananməsini doldurulmasını fiziki olaraq təmin edə bilməmişdir. Yəni, burada əsas məqam Kontragentin özbaşına davranması və hərəkətləri ilə pozuntuya səbəb olmasıdır. Müqavilə üzrə bəyannaməçi Cəmiyyət hesab olunduğundan xəta baş verməsi Cəmiyyətin təqsiri olaraq qiymətləndirilmiş, lakin işin faktiki hallarına nəzər saldıqda aydın olur ki, faktın baş verməsi Cəmiyyətin nə qəsd nə də ehtiyatsızlığı ucbatından olmamışdır. Nəticədə inzibati xəta törətməmişlər. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********6475 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" QSC Gürcüstan Respublikasından 99DE880/99ZE160 nömrəli ünvanına “Qırmızı Körpü” gömrük postundan keçməklə nəqliyyat vasitələri gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" QSC-nin ünvanına Gürcüstan Respublikasından 99DE880/99ZE160 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuş “Sianidlər” yükünə dair qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi yükün gəlməsi vaxtı barədə və ona aid sənədləri göndərən şirkət QSC-yə bildirməmiş, bununlada QSC qısa idxal bəyannaməsini təqdim edə bilməmişdir. Həmçinin daşıyıcı şirkət onlar tərəfindən qısa idxal bəyannaməsinin hazır olması barədə məlumat verilmədən sürücülər özbaşına 23-də 24-nə keçən gecə sərhəd keçid məntəqəsini keçərək ölkə ərazisinə daxil olmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. "xxxx" QSC-nin nümayəndəsi X2 izahatında qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi kimi "Rustavi Azot" Səhmdar Cəmiyyətinin yükü onların məlumatı olmadan keçirməsini göstərsə də bu hal "xxxx" QSC tərəfindən qısa idxal bəyannaməsinin verilməmə əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" QSC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 485.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar