Məhkəmə qərarları › İş №3(125)-616/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-616/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-616/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ 21063” minik markalı ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Gülüstan qəsəbəsi M.Ş.Vazeh küçəsində hərəkətdə olarkən sürücü X1 idarə etdiyi “Moon” markalı mopetlə toqquşmuş, nəticədə “Moon” markalı mopetdə olan sürücü xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, AR-sı vətəndaşı, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi, ev 6, mənzil 24-də yaşayan X2 yüngül xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Gəncə şəhəri DYPŞ-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də iclasda iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tərtib edilmiş protokolla razı deyildir, belə ki, avtomobili yol ayrıcında müəyyən olunmuş yerdə dayandırmış, qarşı tərəfin yoluna çıxmamışdan öncə yolun boşalmasını gözləyərkən moped hərəkət istiqamətini dəyişərək özü onun maşınına çırpılmışdır. Videomaterialda onun bütün dedikləri əks olunduğundan, materiala baxış keçirilməsini və onun barəsində başladılmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20 avqust 2022-ci il tarixli 1239 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət- hər iki qılça və döş qəfəsinin sağ yarısının yumşaq toxumlarının əzilməsi və hemotomaları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 16 iyul 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə yazılmış videofayla baxış keçirilməsi zamanı müəyyən edildi ki, Şəxs avtomobili yol ayrıcını keçərək qarşı hərəkət yolunun orta hissəsində dayandırır və həmin yerdə qarşıdan gələn “Moon” markalı mopedlə toqquşur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar