Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-616/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərb ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 11000-01518/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Qərb ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 334/012/002008 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Gürcüstan Respublikasından SO800İN/FF720T nömrə nişanlı nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Sianidlər” yükü **********6570 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs QSCnin ünvanına SO800İN/FF720T nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan QSC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla QSC İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İştirak etdiyi məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, səlahiyyətli orqan Qərb ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC-nin barəsində tərtib etdiyi protokola xitam verilməlidir. Belə ki, Şəxs QSC-nin ilə "Rustavi Azot" Səhmdar Cəmiyyəti ("Kontragent") arasında 11 noyabr 2022-ci il tarixli müqaviləyə ("Müqavilə") əsasən 1000 ton sianidin ölkəyə gətirilməsi üçün qanunvericililə uyğun olaraq, Cəmiyyət AR Nazirlər Kabinetinə müraciət edərək 24 noyabr 2022-ci tarxində müvafiq icazəni əldə etmiş, həmin icazənin verilməsinə dair aidiyyəti qurumlara, o cümlədən Dövlət Gömrük Komitəsinə məlumat verilmişdir. Müqavilə əsasında gətiriləcək mallar ölkəyə 7 nəqliyyat vasitəsi ilə gətirilmiş, malların gətirilməsi zamanı Kontragentlə danışıqlar işgüzar qaydada elektron poçt vasitəsilə baş tutmuş, tərəflər arasındakı yazışmalardan aydın olur ki, Cəmiyyət Kontragentlə malların 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsinə razılaşmış, lakin Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023- cü il tarixində keçmiş və bu barədə əvvəlcədən Cəmiyyətə heç bir məlumat verməmişdir. Nəticə etibarilə, nəqliyyat vasitələrinin sərhədə gəlməsi 27 fevral tarixində gözlənildiyindən Kontragent tərəfindən aidiyyəti sənədlər təqdim edildikdən dərhal sonra Cəmiyyət qısa idxal gömrük bəyannaməsini tərtib edilməsi üçün gömrük brokerinə məlumat vermiş, lakin proses tərəflərin razılaşmasından kənar irəlilədiyi üçün Məcəllənin 485.2-ci maddəsi ilə inzibati xətanın obyekti faktiki olaraq baş vermiş və Cəmiyyətə bəyannaməçi qismində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Kontragent tərəfindən Müqavilənin şərtlərinə və tərəflərin işgüzar qaydada elektron yazışmalarındakı razılaşmaya uyğun davranmaması səbəbindən Məcəllənin 485.2-ci maddəsindəki xəta baş vermiş, lakin Cəmiyyətin təqsiri olmadığından inzibati xəta yaradıb-yaratmaması araşdırılmalıdır. Belə ki, yazışmalardan da aydın olduğu kimi Cəmiyyət Kontragentlə nəqliyyat vasitələrinin 27 fevral 2023-cü il tarixində gömrük nəzarətinə təqdim edilməsi haqqında razılaşma əldə etsə də Kontragentin nəqliyyat vasitələri sərhədi 23 fevral 2023cü il tarixində gecə saatlarında keçmişdir. Nəticədə, Cəmiyyətin bu barədə məlumatı olmadığından həmin vaxta qədər qısa idxal bəyananməsini doldurulmasını fiziki olaraq təmin edə bilməmişdir. Yəni, burada əsas məqam Kontragentin özbaşına davranması və hərəkətləri ilə pozuntuya səbəb olmasıdır. Müqavilə üzrə bəyannaməçi Cəmiyyət hesab olunduğundan xəta baş verməsi Cəmiyyətin təqsiri olaraq qiymətləndirilmiş, lakin işin faktiki hallarına nəzər saldıqda aydın olur ki, faktın baş verməsi Cəmiyyətin nə qəsd nə də ehtiyatsızlığı ucbatından olmamışdır. Nəticədə inzibati xəta anlayışındakı təqsirlilik elementi Cəmiyyət aid olmadığından, inzibati xəta da Cəmiyyətə tətbiq edilməməlidir. Cəmiyyət fəaliyyətinin ilk vaxtlanndan etibarən bu günədək əsas fəaliyyət göstərdiyi regionda yəni, Gəncə-Daşkəsən iqtisadi rayonunda yerli əhalinin məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini həyata keçirirərkən əmək fəaliyyətinə cəlb edilməsində yerli əhaliyə prioritet olaraq yanaşmışdır. Belə ki, hazırki dövrdə Cəmiyyətdə 560 nəfər, Podratçı şirkətlərdə 1665 nəfər olmaqla, ümumilikdə əlvan metalların hasilatı istiqamətində 2225 nəfər işə cəlb edilmişdir. Cəmiyyət yarandığı vaxtdan öz korporativ sosial məsuliyyətini dərk edərək Cəmiyyətdə bu məsuliyyətin lazımi qaydada həyata keçirilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaratmış və Komitə hər il regiona və oradakı əhaliyə sosial məqsədlə edilən yardımlara dair illik hesabatlarını dərc edir. Görülən işlər arasında Daşkəsən rayonunun Şadax kəndinin sakinlərinin müraciəti əsasında yeni su xəttinin çəkilməsi, Daşkəsəndə yeni məktəb binasının inşası, Daşkəsəndə minifutbol, universal voleybol- basketbol meydançalarının yenidən qurulması, Gəncə şəhərində regional autizm mərkəzinin yaradılması, Yuxarı Daşkəsən qəsəbəsinin içməli su şəbəkəsinin qurulması və əhalinin təlabma uyğun digər infrastruktur layihələrini həyata keçirməsini misal çəkmək olar. Bundan başqa Komitənin fəaliyyəti çərçivəsində minlərlə ailəyə illik əsasda yüzminlərlə manat məbləğində ianələr edilmişdir. Cəmiyyətin xeyriyyəçilik fəaliyyəti Komitə tərəfindən dərc edilən hesbatlarda aydın görünür. Məcəllənin 31.3-cü maddəsinin təhlili zamanı qeyd etmək olar ki, qısa idxal bəyannaməsi verilmədən sianidi daşıyan nəqliyyat vasitələrinin ölkəyə daxil edilməsi Cəmiyyətə əlavə xeyir və ya maraqlarının təmin edilməsi ilə nəticələnməmiş və ümumiyyətlə Cəmiyyətin müdaxilə etmək imkanı olmadan baş vermiş pozuntu olmuşdur. Cəmiyyət öz sosial məsuliyyətini tam dərk etdiyi kimi, biznes fəaliyyətindəki məsuliyyətini də tam şəkildə qanunvericiliyə uyğun təşkil edərək həyata keçirir. Cəmiyyət fəaliyyət göstərdiyi qısa zamanda ölkə iqtisasiyyatmda qeyri-neft sektorunun lider dövlət şirkətlərindən birinə çevrilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixinədək qiymətlilərin ümumi satışı 329 min unsiyadan çox qızıl və 704 min unsiyadan çox gümüş təşkil etmişdir. Cəmiyyətin fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 120 mln. manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib. Cəmiyyət AR Prezidenti ilə razılaşdırmaqla təsdiq edilmiş nizamnaməsi ilə vəzifələrini icra edir və həmin istiqamətlərdən biri də Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, effektliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün investisiyaların cəlb edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi təşkil edir. Bu fəaliyyət üzrə icranı təmin etmək üçün Cəmiyyət biznes nüfuzunu yüksək tutmaq üçün lazımı tədbirləri icra edir. Qeyd edilməlidir ki, Cəmiyyətə qarşı məhkəmə qərarının qəbul edilməsi onun gələcəkdə xarici investisiyaların cəlb edilməsinə istiqamətində fəaliyyətinə birbaşa mənfi təsir edəcək. AR Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs QSC barəsində başlanılmış AR İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs QSC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi, gömrük xidməti polkovniki Hüseyn Hüseynovin raportundan görünür ki Şəxs QSC-nin (VÖEN **********) ünvanına 1 avtomaşında daxil olan yük üçün xx.xx.2023-cü il tarixində **********6570 saylı GB tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmiş, lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru X2 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəl Qərarının tələbləri pozularaq Şəxs QSC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. - xx.xx.2023-cü il tarixli, **********570 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC-nin ünvanına SO800İN/FF720T nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş Gürcüstan Respublikasından SO800İN/FF720T nömrəli nəqliyyat vasitəsində “Qırmızı körpü” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “sianid” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs QSC-nin ünvanına SO800İN/FF720T nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs Şəxs QSC-nin tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə Şəxs QSC-nin nümayəndəsinin öz etirazında göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, Şəxs QSC hər bir halda sifariş etdiyi mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməli idi. Malların ölkəyə daha tez gəlməsi Şəxs QSC-ni elektron formada qısa idxal bəyannaməsi təqdim etmək vəzifəsindən və inzibati məsuliyyətdən azad etmir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-616/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-616/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver