Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-620/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonu, Zallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Yanşaq ərazi dairəsi, Yanşaq kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6, 5-ci küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərardan narazı olduğundan nazirin qəbuluna yazılmaq üçün xx.xx.2022-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə zəng vurmuşdur. Ordan isə ona cavab olaraq bildirmişlər ki, artıq gecdir, nazirin qəbuluna yazılmaq üçün bir-neçə gün əvvəlcədən qəbula yazılmaq lazımdır, o da bununla razılaşmışdır. Lakin həmin gün günorta vaxtı polisdən ona zəng vuraraq bildirmişlər ki, 102 zəng xidmətinə qəbulla bağlı zəng etmisiniz, buyurun qəbula gəlin. O, əvvəlcədən qəbula yazılmadığı üçün qəbula getmək istəmədiyini bildirdikdə “siz qəbula gəlin sizi qəbula salmağa çalışarıq” demişlər. O da ümidlənərək qohumunun avtomobili ilə Gəncə şəhər BPİnə getmiş və avtomobildən “Butulkalı ev” kimi tanınan evin qarşısında düşmüşdür. O, nazirin qəbulu ilə bağlı dəvət olunduğunu bildirsə də polis əməkdaşları ona gec olduğunu və artıq nazirin qəbulunun başa çatdığını bildirmişlər. O isə getmək istəyən zaman “Chevrolet cruze” markalı avtomobil onun yanına yaxınlaşdı və içərisində olan şəxslərdən biri ona “otur maşına gedirik qəbula” dedi. O, avtomobilə əyləşdikdən sonra polis əməkdaşları onu polis şöbəsinə gətirdilər və protokollaşdırdılar. Orada olduğu vaxt ərzində o, səs-küy salmadığını, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, ictimai qaydanı pozmadığını, polis əməkdaşlarına heç bir formada müqavimət göstərmədiyini və polisin qanuni tələblərinə sakitcə əməl etdiyini bildirmişdir. Əksinə, polis əməkdaşlarının onunla kobud rəftar etdiyini də qeyd etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin qarşısında X5 Gəncə şəhərində vətəndaşları qəbul etməsi ilə əlaqədar olaraq xidmətdə olan zaman Murğuz adlı şəxs Gəncə şəhər BPİ-nin qarşısında “onu niyə qəbula salmırlar, nazir onu niyə qəbul etmir” deyə səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onlar Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə BPİ-nin qarşısında X5 Gəncə şəhərində vətəndaşları qəbul etməsi ilə əlaqədar olaraq xidmətdə olan zaman Murğuz adlı şəxs maşından düşüb ora yaxınlaşaraq ümumi olaraq təhqir və şüarlar, eləcə də Eldəniz adlı polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədirdi. Həmin vaxt ətrafda qəbula gələn vətəndaşlar və polis əməkdaşları var idi. Şəxs isə orada səs-küy salmağa çalışırdı. Həmin hadisə “Butulkalı ev” kimi tanınan evin yanında olub. O, səs-küy salmağa çalışan zaman orada olmamış, sonradan səs-küy salmağa çalışdığını görüb ora qaça-qaça gəlmişdir. Ona görə də həmin şəxsin o, oraya gələnə qədər nə etdiyini, nə dediyini bilmir. Bundan sonra onlar Şəxs avtomobilə əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətməsi, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmiş, həmin polis əməkdaşları ilə birlikdə onların avtomobili ilə qəbulla bağlı Polis Şöbəsinin növbətçi hissəsinə getmişdirlər. O cümlədən məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının verdiyi izahatlar arasında ziddiyyət olduğundan Şəxs konkret olaraq ictimai qaydanı hansı formada pozmasını və onun əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulmasını əks etdirən halları müəyyən etmək mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, Şəxs həmin gün nazirin qəbulu ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edilməsinə baxmayaraq o, qəbula salınmadığını və bunu normal qarşılayaraq geri qayıtmaq istəyən zaman qeyd edilən polis əməkdaşlarının “Chevrolet cruze” markalı avtomobillə ona yaxınlaşaraq “otur maşına gedirik qəbula” deyərək onu Polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında Şəxs tərəfindən nalayiq ifadələr işlədilərək ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqəqətən də nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-620/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-620/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver