Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-621/2022 01.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli ailəli, Gəncə şəhər BPİnin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2022-ci il tarixli Qərarda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə zidd olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulmadığı və ya barəsində hər hansı qətimkan tədbiri seçilmədiyi halda, X4 Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 569ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, X1 ölkədən giriş-çıxışını qanunsuz olaraq məhdudlaşdırmamışdır. Belə ki, icraatında olan araşdırma materialı üzrə dindirilmiş Sübhan Ələsgərov izahatında Elnur Cavadovdan aldığı pul vəsaitini Cavid Zeynalova verdiyini bildirdiyindən, sonuncu barəsində saxla göstərişi vermişdir. Cavid Zeynalov isə Gürcüstan ərazisindən Azərbaycan Respublikasına keçdikdən sonra sərhəd məntəqəsində saxlanılaraq Qazax rayon Polis Şöbəsinə, oradan isə Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Yəni, onun tərəfindən Cavid Zeynalov barəsində saxla tədbiri görülsə də, onun faktiki olaraq ölkə ərazisinə gəlməsində hər hansı məhdudiyyət yaranmamışdır. Bu səbəbdən hesab edir ki, onun Cavid Zeynalov barəsində saxla tədbirini görməsi, həmin şəxsin Azərbaycan Respublikası ərazisinə gedib-gəlməsinə hər hansı formada məhdudiyyət yaratmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək və həmin qərarın məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X1 Gəncə şəhər prokuroru Azad Qarayevə ünvanladığı ərizədən (ərizə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur) görünür ki, o, sahibkarlıq fəaliyyəti ilə əlaqədar 20 fevral 2022-ci il tarixində Türkiyə cümhuriyyətinin İstanbul şəhərinə səfərə getmiş, 7 iyun 2022-ci il tarixində Gürcüstanda yerləşən Azərbaycan Respublikasının səfiriliyinin köməyi ilə quru sərhədi keçmək üçün xüsusi icazə alaraq, Qazax Qırmızı körpü keçid məntəqəsindən iş yoldaşları ilə bərabər ölkəyə daxil olmuşdur. Dostları sərhədi sərbəst keçdiyi halda, ona axtarışda olduğunu bildirərək Qazax Şəhər Baş Polis İdarəsinə aparmaq üçün polisə təhvil vermişlər. 7 iyun 2022-ci il saat 19:00-da Qazax Polis İdarəsində 2 saat saxlandıqdan sonra özlərini polis əməliyyatçısı kimi təqdim edən şəxslər 2013-ci ilin Mercedes S klass markalı avtomobil ilə Gəncə Şəhər Baş Polis İdarəsinə aparmışlar. Onu aparan şəxslərin üstlərində heç bir sənəd olmaması və ona təqdim edilməməsi, hətta Qazax İdarəsində, idarə birləşdiyi üçün sənədlərinin verilmədiyini bildirmələri və Qazax Şəhər Baş Polis İdarəsində mübahisə etmələri onu psixoloji çox narahat etmişdir. Fikirləşmişdir ki, sənədlərini təqdim etməyən və sənədi olmayan 2 naməlum şəxs görəsən həqiqətənmi polis əməkdaşlarıdırlar. Gəncəyə yollandıqda yol boyu yüksək, nəzakətlə rəftar edən gənclərin birinin adının Davud olduğunu müəyyən etmişdir. Daha sonra gecə saat 12 radələrində Gəncə Şəhər Baş Polis İdarəsində özünü təqdim etməyən polis leytenantı ona onun ölkədə qaldığını düşünərkən saxlama məcburi gətirməyə qoyduğunu demişdir. Cinayət işi olmadan şahid qismində görəsən onu saxlama səbəbləri onda şübhə yaratmışdır. Eyni zamanda Gəncə Şəhər Baş Polis İdarəsinə daxil olarkən müstəntiqin yanında heç bir sənəd təqdim etməyən xalası oğlu da onlarla İdarəyə girmişdir. Yorğunluq, əsəb və stres, prosessual qaydaların kobud pozulması onu olduqca həyəcanlandırmışdır. Hələ işgüzar nüfuzuna da vurulan zərbə bir tərəfdən onu çox narahat edir. Gecə saat ikidə ona kpzyə getməli olduğunu deyərək, onunla əsaslandırmışdır ki, gecə rəisə necə zəng etsin. Sonra kiməsə zəng etmiş və demişdir sənə gorə rəisi narahat etdim nə verə bilərsən. O, da üstündə pul olmadığını, səhər gətirəcəyini demişdir. Hətda 200-300 manat olacağında işarə vurmuşdur. Növbəti gün ona mesaj yazaraq nə zaman gəlirsən demiş, o isə “kartını at yol üstündəyəm” - deyərək, Bakıya yola düşmüşdür. Bununla bağlı, yuxarıda qeyd edilən məsələləri araşdırıb və qanuna zidd əməllərin olması halı varsa təqsirli bilinən şəxsləri cəzalandırılmasını xahiş etmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X8 Azərbaycna Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, bir il əvvəl viza almaq üçün Sübhan adlı şəxsə 4000 manat pul verdiyini, lakin sonuncunun onu aldatması və vədinə əməl etməməsi barədə verilmiş məlumat əsasında fakt üzrə X6 və X3 əməllərində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 ərizə ilə Gəncə Şəhər Prokurorluğuna müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Şəxs tərəfindən ölkəyə gəlmək hüququnun pozulması və 300 manat məbləğində pul istənilməsi barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhəd Nəzarəti” altsistemindən çıxarılmış X7 barəsində sərhəd keçmə məlumatına əsasən, Cavid Zeynalovun ölkəyə gəlmək və ölkədən getmək hüququna “Saxla” statusu qoyulmuşdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərini pozmuş dövlət orqanlarının vəzifəli şəxsləri qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsində vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi X4 şikayət ərizəsi və izahatı, Cavid Zeynalovun “Giriş-Çıxış və qeydiyyat” İAMAS-ın “Sərhəd Nəzarəti” altsistemindən çıxarılmış sərhəd keçmə məlumatı, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar və digər sənədlərlə tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, X4 cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs statusu olmadığı, eləcə də barəsində hər hansı qətimkan tədbiri seçilmədiyi halda onun barəsində “saxla” statusunun qoyulması, həmin şəxsin ölkədən getmək və ya ölkəyə gəlmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. Məhkəmə iclasında Şəxs İXM-nin 569-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında onun tərəfindən Cavid Zeynalov barəsində saxla tədbiri görülsə də, həmin şəxsin faktiki olaraq ölkə ərazisinə gəlməsində hər hansı məhdudiyyətin yaranmadığını bildirsə də, məhkəmə qeyd edir ki, İXM-in 569-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməli maddi tərkibli deyil, formal tərkibli inzibati xəta olmaqla, vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququnun qanunsuz məhdudlaşdırılmasına dair tədbirin görülməsi ilə inzibati xəta əməli başa çatmış olur. Həmin tədbir görülən vaxt vətəndaş ölkə ərazisində və ya ölkə ərazisindən kənarda ola bilər və inzibati məsuliyyətin yaranması üçün şəxsin ölkə ərazisinə gəlib-getməsinə məhdudiyyətin mütləq sərhəd keçid məntəqəsində baş verməsi vacib deyil. Başqa sözlə desək, şəxsin əməlində İXM-in 569-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün konkret nəticənin baş verməsi, yəni vətəndaşın sərhəd keçid məntəqəsində ölkəyə girişçıxışına məhdudiyyətin qoyulması tələb olunmur. Qanunsuz olaraq ölkəyə giriş-çıxışa dair məhdudiyyətin qoyulmuş olması (bu barədə hər hansı tədbirin görülməsi) obyektiv cəhət baxımından əməldə inzibati xəta tərkibinin yaranması üçün kifayətdir. Hazırki material üzrə işin faktiki hallarından görünür ki, müstəntiq Şəxs heç bir qanuni əsas olmadan Cavid Zeynalovun barəsində sərhəd keçməyə dair məhdudiyyət statusunun növlərindən biri olan “saxla” statusu qoymaqla İXM-nin 569-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsində isə göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs isnad olunan İXM-in 569-cu maddəsində nəzərdə tutulan inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Digər tərəfdən məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında material üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmamalıdır. Çünki, həmin qərar cinayət prosessual qanunvericiliyin tələbləri əsasında aparılmış araşdırma nəticəsində rüsvət istəmə faktının müəyyən edilməməsi ilə əlaqədar qəbul edilmişdir. Vətəndaşın ölkəyə giriş-çıxışının qanunsuz məhdudlaşdırılması isə müstəqil inzibati xəta olmaqla, vəzifəli şəxsin əməlində rüşvət alma cinayət tərkibinin olub-olmaması ilə bağlı aparılmış araşdırma və həmin araşdırma nəticəsində qəbul edilmiş qərarla heç bir bağlılığı yoxdur. Bu səbəbdən, Şəxs İXM-in 569-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən deyil, inzibati xəta hadisəsinin aşkar edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə onun İXM-in 569-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq cəlb etmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığı müəyyən olunur. Hazırki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəhaddin Məmmədovun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 569-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-621/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-621/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver