Məhkəmə qərarları › İş №3(125)-636/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-636/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-636/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Göygöl rayonu, Hacıməlik qəsəbəsi, ev 35-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki subay, Gəncə şəhəri, H.Əliyev pr-265 ünvanında qeydiyyatda olan və Göygöl rayonu, Hacıməlik qəsəbəsi, ev 35-də yaşayan borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 01 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 1120 (min yüz iyirmi) manat aliment borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Şəxs yaşayış yerini müəyyən edə bilməmişlər və bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. O, sonuncu dəfə 2025-ci ilin yanvar ayında aliment borcundan 150 (yüz əlli) manat ödəniş etmişdir. Lakin o, borcunu tam şəkildə ödəməmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, borcundan hər ay ödəniş etmişdir. Sadəcə 2024-cü ilin mart ayında ödəniş edə bilməmişdir. Onun etdiyi ödənişlər 100 (yüz) manatdan az olmamışdır. O, 2024-cü ildə oğlunu Bakı şəhərinə idman yarışlarına aparmış və xərcləri özü çəkmişdir. Sadəcə o, hal-hazırda işləyə bilmədiyi üçün heç bir ödəniş edə bilmir. O, məhkəmədən sonda ona aliment borcunu hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Şəxs 2025-ci ilin yanvar ayında 150 (yüz əlli) manat, 2024-cü ilin dekabr ayında 100 (yüz) manat, ondan əvvəlki aylarda ara-sıra 50 (əlli) manat ödənişlər etmişdir. Uşaq Bakı şəhərinə idman yarışlarına getdiyi üçün onlara pul lazım olur. O, uşağını Bakı şəhərinə yarışa göndərmək üçün 250 (iki yüz əlli) manat borc pul almışdır. Özü isə nə iş olsa işləyir, lakin uşaqların təlabatını tam şəkildə ödəyə bilmir. X6 işləmək qabiliyyət olsada işləmir. O, hər gün çayçıya gedir, özünə iş tapıb işləmir. O, borcun ödənilməsini və hər ay 180 (yüz səksən) manat alimentin stabil ödənilməsini, ödənilmədiyi halda isə cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş : -Gəncə şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 05 iyul 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2113/2024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4015/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmış və 05 iyul 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2113/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-2113/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli “Sms bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxsa məcburi gətirilmə ilə bağlı onun istifadəsində olan 070-649-3675 nömrəsinə sms bildiriş göndərilmişdir. -xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə və dövlətarası axtarış elan edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə şəhər BPİ-in 2-ci Polis Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şəxs barəsində olan 05 dekabr 2024-cü il tarixli borclunun axtarılması haqqında qərar icra olunması üçün Gəncə şəhər BPİ-in 2-ci Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. Borclu Şəxs işləmə qabiliyyət olsada heç bir yerdə işləməyərək aliment borcunu tam şəkildə ödəməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. O, hər ay 100 (yüz manat) ödəniş etdiyini bildirsədə bununla bağlı heç bir ödəniş çeki məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar