Məhkəmə qərarları › İş №3(125)-639/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-639/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-639/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər 1-ci Polis şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, H.Əliyev parkında bağban işləyən, Gəncə şəhəri, Sevinc qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 29 mart 2023-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 28 mart 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28.03.23-cü il tarixdə uca səslə səs-küy salaraq, Ümumilli Lider, X9 Əliyevin abidəsinə daş parçası ataraq, abidəyə və hakimiyyətə qarşı nəlayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis şöbəsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 28.03.23-cü il tarixdə uca səslə səs-küy salaraq, Ümumilli Lider, X9 Əliyevin abidəsinə daş parçası ataraq, abidəyə və hakimiyyətə qarşı nəlayiq ifadələr işlətmişdir. Ona yaxınlaşılaraq saktiləşməsi deyilmiş, lakin o polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Gəncə şəhər H.Əliyev pr 475 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü ildə həmin ünvanda qeydiyyatdan çıxarıldığını, şəxsiyyət vəsiqəsinin yararsız olduğunu öyrənmiş bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətində yerləşən Ombudsmana müraciət etmiş, qeydiyyata düşə bilməmişdir. Yenidən İcra Hakimiyytinin qarşısına getmiş, məqsədi X7 daş atmaq olmamışdır, sadəcə icra hakimiyyətinə qarşı daş atmış, daş təsadüfən heykələ dəymişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirirək ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında Gəncə şəhər BP-İnin PPXT-bölüyünün kiçik serjantı X3 və Gəncə şəhər BP-İnin PPXT-bölüyünün kiçik serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 28.03.23-cü il tarixdə saat 17-00 radələrində 3 nömrəli piyada maşrutunda xidmət apararkən adı bizə sonradan məlum olan Şəxs AA ******* İcra Hakimiyyətinin qarşısında Ümummilli lider X9 Əliyevin abidəsinə daş parçası ataraq abidəyə və hakimiyyətə qarşı nalayiq ifadələr işlədiyini görüb dərhal yaxınlaşıb polis şöbəsinə yaxınlaşmasını tələb etdikdə qanuni tələblərinə dəfələrlə tabesizlik göstərdiyi üçün həmin şəxsi gətirib 1-ci Polis Şöbəsinə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:25-də tutulmuşdur. İş materiallarında olan izahatından görünür ki, təqsirini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 mart 2023-cü il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar