Məhkəmə qərarları › İş №3(125)-642/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-642/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-642/2025 07.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1270/07 nömrəli icra sənədinə əsasən Şəxs 700 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1270/07 nömrəli icra sənədinə əsasən Şəxs 700 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Bu günədək borclu cəmi 100 ABŞ dolları məbləğində pul vəsaitini tələbkara ödəmişdir. Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati material üzrə özünü təqsirli bilərək məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, o, tələbkar X4 ilə əldə etdiyi razılığa uyğun olaraq, hər ay 50 manat olmaqla həmin şəxsə olan borcunu ödəyəcəkdir. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, Şəxs hər ay 50 manat ödəniş etməklə ona olan borcunu ödəyəcəyinə dair vəd vermiş və bu barədə onunla Şəxs arasında razılıq əldə edilmişdir. Buna görə də o, hazırda inzibati xəta haqqında protokola baxılmasını, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını tələb etmir. Sonda U.H.Səfərova Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini icra etməkdən qərəzli olaraq yayınmamışdır, tələbkar X3 olan borcundan hər ay 50 manat hissə-hissə ödəməyi öz öhdəsinə götürərək tələbkarla razılıq əldə etmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata işin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar