Məhkəmə qərarları › İş №3(125)-645/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-645/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-645/2023 29.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə şəhəri, Nizami küçəsi, 2-ci dalan ev 31-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə şəhəri, Nizami küçəsi, 2-ci dalan ev 31-də qeydiyyatda olan və yaşayan Şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə hər ay iki uşağın saxlanılması üçün 50 manat olmaqla cəmi 100 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi dəyişdirilərək xx.xx.2023-cü ildən başlayaraq Şəxs hər ay iki uşağın saxlanılması üçün 93 manat olmaqla cəmi 186 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir və ona inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəflərindən təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bu günə borc 23304 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Şəxs inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu uzun müddət ərzində cəmi 200 manat ödəniş etmişdir. Əlavə pullar verdiyini qeyd esə də təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. İnzibati icraat aparılan şəxs Şəxs axtarışla tutularaq bizə təqdim edilmişdir. Odur ki, protokolun təmin edilməsini onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, keçmiş qaynatası rəhmətə gedənə kimi zərərçəkmiş şəxs ondan pulu tələb etmirdi, lakin buna baxmayaraq o hər ay uşaqlarının hazırlığına, geyiminə müəyyən ödənişlər edirdi. Lakin bu pulları rəsmi qaydada qəbz almaqla ödəməmişdir. Borcunu ödəməkdən yayınmır. Hər ay müəyyən ödənişlər edəcək. Bu halları nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)- 121/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, 16 noyabr 2011-ci il tarixdən başlayaraq 01 avqust 2005-ci il təvəllüdlü X2 və 26 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iki uşağın saxlanılması üçün 50 manat olmaqla cəmi 100 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Şəxs borcunu könüllü ödənilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 2 (044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-121/2012 saylı, xx.xx.2012ci il tarixli icra sənədi dəyişdirilərək xx.xx.2023-cü ildən başlayaraq Şəxs hər ay iki uşağın saxlanılması üçün 93 manat olmaqla cəmi 186 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Şəxs borcunu könüllü ödənilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2 (044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İş materilaına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, borclu Şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə verildiyinə görə axtarış qərarına xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, bugünədək olan uzun müddət ərizəndə yalnız 200 manat ödəniş etməmişdir. Borclunun uzun müddət ərzində heç bir ödəniş etməməsi, onun icra sənədini icra etmə imkanı olmasını lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar