Məhkəmə qərarları › İş №3(125)-647/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-647/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-647/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X3 bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs 3040 manat ödənilməmiş alıment borcu qalmışdır. Borclu icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir və izahatında icra məmurunun qanuni tələblərinə və çağırışlarına dəfələrlə telefon zənglərinə qəsdən iş adamı olduğu üçün tabe olmadığını bildirmişdir. Aliment borcunu və aylıq ödənişi isə qəsdən qarşı tərəfə əsəb vermək üçün qərəzli olaraq bu formada ödədiyini bildirmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs barəsində inzibati protokol tərtib edildikdən sonra o, 1000 manat ödəniş etmiş, qalan 2040 manat borcu da ödəmək üçün vaxt istəmiş, lakin sonradan ödəniş etməkdən yayınmış, cədvəl verilərsə aybaay ödəni edəcəyini bildirmişdir. Sonuncu bu formada dəfələrlə onu aldatmışdır. Göstərilənlərə əsasən borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, zərərçəkmiş şəxslə birgə nikahda əldə edilmiş əmlakda sonuncunun payını ödəmək üçün 15000 manat pul vermişdir. Buna görə maddi imkanı zəifləmişdir. O, keçən məhkəmə iclasında 1000 manat ödəniş etmiş, qalan 2040 manat borcu da 1 həftəyə ödəyəcəyini bildirmiş, lakin ödəyə bilməmişdir. Ona cədvəl verilərsə o, borcunu hər ay ödəyəcəkdir. Zərərçəkmiş şəxs onu əsəbləşdirdiyi üçün o, alimenti ödəməmiş və borcu yaranmışdır. Sonda o, barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs vaxtında aliment borcunu ödəmir. Əslində Şəxs borcu tam ödəyərək hər ay vaxtında aliment ödəməyə imkanı çatır, lakin onun açığına qəsdən ödəmir. İcra məmuru çağırdıqdan və inzibati protocol tərtib olunduqdan sonra Şəxs tutulmamaq üçün hər dəfə müəyyən ödəniş edir, sonra yenə ödəmir. Sonda o, Şəxs borcunu tam şəkildə ödəməsini tələb etmiş, əks təqdirdə onun barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-122/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqindən görünür ki, borclu Şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclunun xx.xx.2022-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, zərərçəkmiş şəxs ona əsəb verdiyi üçün sonuncu ilə qərəzli prinsip apararaq alimenti ödəməmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki Şəxs özü izahatında zərərçəkmiş şəxs ona əsəb verdiyi üçün prinsip apararaq alimenti ödəmədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında o, 1000 manat ödəniş edərək qalan 2040 manatı 1 həftəyə ödəyəcəyini bildirmiş, lakin sonradan cədvəl verilərsə hər ay hissə-hissə ödəniş edəcəyini demişdir. Bu isə onun hər ay vaxtında aliment ödəməyə maddi imkanı olduğunu, lakin qərəzli şəkildə, üzrsüz səbəbdən aliment ödəmədiyini göstərir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar