Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-647/2025 10.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 08 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 2-ci PŞ-nin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə narkotik maddənin təsiri altında tabesizlik göstərmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 xx.xx.2025-ci il tarixdə vətəndaş Ələkbərov X1 adlanan yerdə digər şəxslərlə mübahisə etmiş və bu zaman ətrafda olan PPX əməkdaşları ona yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin Şəxs sərxoş olduğundan uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bundan sonra fiziki qüvvə işlədərək Şəxs 2-ci PŞnə gətirmiş və bu zaman şöbədə qanunsuz hərəkətlərinə davam etdirərək polis əməkdaşlarının iş rejimini pozmuşdur. Daha sonra onun narkotik vasitə istifadə etməsi şübhəsi yarandığından Narkoloji Dispanserdə müayinədən keçirdikdə narkotik vasitə marexuana qəbul etdiyi aşkar olunduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin günü Günəş restoranında ad günündə olmuş və içəri 2 nəfər şəxs daxil olmuş, onlardan biri ilə danışmadığına görə gödəkçəsini götürüb içəridən çıxıb başqa kabinetdə oturmuş, aradan bir müddət keçdikdən sonra danışmadığı şəxs onu həyətə çağırmışdır. O, həyətə çıxdıqda ikinci şəxs onu təpiklə vurmuş və o, zərbədən yerə yıxıldıqda onu döyməyə başlamışlar. Bundan sonra hadisəni görənlər həmin şəxsləri aralıyıb aparmış və onu kənarda otuzdurmuşlar. Bu vaxt Polis Patrul Xidmətinin əməkdaşları gələrək onu döyərək avtomobilə mindirib şöbəyə aparmışlar. O, onu döyən şəxsin Gəncə şəhər 2-ci PŞ-nin PPXT-un polis nəfəri X3 olmasını bildirmişdir. İfadəsinin sonunda içkili olduğunu, narkotik vasitəni isə 12-13 gün bundan öncə qəbul etdiyini, əməlindən peşman olduğunu bildirərək sağlamlığı ilə bağlı probleminin olduğunu və ayın 15 toyu olacağını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 2-ci PŞ-nin PPXT-un polis baş nəfəri X5 ifadəsində bildirmişdir ki, kütləvi dava-dalaşla bağlı daxil olmuş məlumat əsasında həmin yerə yaxınlaşaraq mübahisə olduğunu görmüş və Şəxs yaxınlaşdıqda qaçmağa cəhd etmişdir. Daha sonra onu tutub 2-ci PŞ-nə təhvil vermiş və bu zamanŞəxs onların ünvanına nalayiq ifadələr işlədərək tabesizlik etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-in 206, 510, və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 2-ci polis şöbəsinin İTB-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli № 504/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidik analizində narkotik THC (marixuana) aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli № 181 saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 02:00-da tutulmuş və xx.xx.2025-ci ildə saat 01:55-də azad edilmişdir. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq, ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi, beləliklə, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini etiraf etməsi və peşmançılığı məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 02 gün müddət isə nəzərə alınaraq həbs müddətinə daxil edilməli və həbsetmənin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 00:00-da Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən Günəş restoranı ərazisində Şəxs polis əməkdaşı X5 tərəfindən həmçinin mübahisə vaxtı Tofiq adlı və digər şəxs tərəfindən döyülməsi faktı barədə, o cümlədən baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində (İXM 206-ci maddəsi) 15 gün (on beş) müddətində inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 02 gün müddət, inzibati həbs müddətinə daxil edilməklə onun üzərində qəti olaraq 13 (on üç) gün müddətində inzibati həbs tənbehi saxlanılsın. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:05-dən hesablansın. xx.xx.2025-ci il tarixdə saat 00:00-da Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən Günəş restoranı ərazisində Şəxs polis əməkdaşı X5 tərəfindən həmçinin mübahisə vaxtı Tofiq adlı və digər şəxs tərəfindən döyülməsi faktı barədə, o cümlədən baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-cimaddəsinin tərkib əlamətlərinin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna məlumat verilsin. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-647/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-647/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver