Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-649/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Ağdam rayonu DYPŞ-nin 30 yanvar 2024-cü il tarixli İXP TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Ağdam rayonu DYPŞ tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “FORD TRANSİT” yük sərnişin markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman heç bir qayda pozuntusu etmədiyi halda, Ağdam rayonu DYPŞ-nin əməkdaşı Ağdam rayonu, yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı X3 tərəfindən saxlanılmış, saxlanma səbəbini dəqiqləşdirmək üçün polis əməkdaşlarına yaxınlaşmış və ona avtomaşının arxa hissəsində resorun artıq olduğunu və standartlara uyğun olmadığı bildirilmişdir. O, avtomaşının arxa hissəsində resorun artıq olmadığını, standartlara uyğun olduğunu, avtomobilin 10 ilə yaxın idarə edildiyini və indiyədək heç bir problem yaşanmadığını bildirərək etiraz etmiş, lakin, ona əhəmiyyət verilmədən kobud şəkildə danışılaraq ünvanına "bura sənin üçün Gəncə deyil” kimi ifadələr səslənilmişdir. Daha sonra Ağdam rayonu DYPŞ-yə gətirilərək vəzifəli şəxs Allahverdi Allahverdiyev tərəfindən 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Belə ki, qəbul olunmuş qərar əsassız və qanunsuzdur. Bu qanunsuzluğa son qoyulması üçün bir neçə saat 902 xidmətinə zəng etməyinə baxmayaraq cavab verilməmişdir. Əgər avtomaşının arxa hissəsində resoru artıq olubsa və standartlara uyğun olmayıbsa avtomaşın niyə meydançada saxlanılmamışdır? İdarə etdiyi avtomaşına əlavə avadanlıq quraşdırılması və digər nöqsanların aşkar edilməsini əks etdirən heç bir sənəd olmamış avtomaşına isə baxış keçirilməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 342.2ci və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Ağdam rayonu DYPŞ tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərarla X2 İXM-in 342.2-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, 30 yanvar 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Ağdam rayon DYPŞ-yə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Ağdam rayon X8 Şöbəsi tərəfindən X4 barəsində qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Ağdam rayon X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-649/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-649/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver