Məhkəmə qərarları › İş №3(125)-652/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-652/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-652/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Samux rayonu Sərkar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 sentyabr 2022-ci tarixdə gecə saat 12 radələrində Gəncə şəhər BPİ-nin DYPŞ əməkdaşları tərəfindən ona məxsus “VAZ 2107” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin cərimə meydançasına salınmasından əsəbləşərək Gəncə şəhər DYPŞ-nin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındıraraq 50 manat miqdarında maddi ziyan vurmuş, həmin vaxt ondan sakitləşməsini tələb edən polis əməkdaşının qanuni tələbinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmişdir. Ona görə də barəsində İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokollardakı xüsusatları təsdiq edərək bildirdi ki, 26 sentyabr 2022-ci il tarixdə Şəxs özünün istifadəsində olan avtomaşının cərimə meydançasına salınmasından əsəbiləşərək Gəncə şəhər DYPŞ-nin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındırmışdır. Bundan sonra hadisə yerindən uzaqlaşmışdır. Sonradan Şəxs yanında bir qrup şəxslə Avtozavod qəsəbəsinə DYPŞ-nin rəisi Eldəniz Həsənovun evinin qarşısına gələrək ünvanlı və ünvansız söyüşlər söyərək səs-küy salmışdırlar. X3 evinin qapısını döyərək avtomaşının dərhal buraxılmasını tələb etmişlər. Törədilmiş inzibati xəta ilə bağlı barəsində icraat aparılan şəxsin 4-cü polis bölməsinə aparılması təmin edilərkən Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, ictimai yerdə uca səslə danışaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, daxili işlər orqanları əməkdaşlarının bildirdiyi xüsusatlar həqiqətə uyğun deyildir. Belə ki, mühafizəçi otağının pəncərəsı əvvəldən çat idi. O pəncərəni döymək istəyərkən pəncərə öz özünə qırılmışdır. Hadisədən sonra həqiqətən DYPŞ-nin rəisi Eldəniz Həsənovun evinin qarşısına getmişdir. O bunu ona görə etmişdir ki, ondan avtomaşının buraxılmasını tələb etsin. Belə ki, Eldəniz Həsənov onu şəxsən tanıyır, 44 günlük Vətən Müharibəsində iştirak etdiyi üçün əvvəllər onun və yaxınlarının törətdiyi inzibati xətalarla bağlı bir neçə dəfə ona güzəşt etmişdir. Sonda məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 232-1, 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda hər hansı cinayət hadisəsi aşkarlanmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər 1-ci Polis Bölməsinin TB-nin təhqiqatçısı, polis leytenantı Rəsul Əsgərovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Şəxs mühafizəçi otağının pəncərəsini sındırması barədə Gəncə şəhər 1-ci Polis Bölməsinin rəisi, polis mayoru Xanlar Məmmədova məruzə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər DYPŞnin YPX inspektorları Zeynalov İsmət və Məmmədov Məmmədin tərtib etdiyi xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, Şəxs DYPŞ-nin rəisi Eldəniz Həsənovun evinin qarşısına gələrək ünvanlı və ünvansız söyüşlər söyərək səs-küy salması və Eldəniz Həsənovun evinin qapısını döyərək avtomaşının dərhal buraxılmasını tələb etməsi barədə Gəncə şəhər 4-cü polis şöbəsinin rəisi, polis kapitanı Mustafa Əlizadəyə məruzə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş barəsində icraat aparılan şəxs Şəxs İzahatından görünür məhkəməyədək yazdığı izahatda mühafizəçi otağının pəncərəsini sındırmaqla dövlət əmlakına ziyan vurmasını etiraf edərək əməlindən peşman olmasını bildirir. Beləliklə, Şəxs İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun izahatlarında inzibati xəta üzrə iş materiallarında göstərilən faktları və məhkəməyədək verdiyi izahatı təkzib etməsi özünümüdafiə məqsədi daşıyır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindəməsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, dövlət əmlakına zərər vurmasını, eyni inda üç inzibati xətanı törətməsini, özünün verdiyi ifadəyə əsaslanaraq, əvvəllər törətdiyi inzibati xətalara görə ona güzəşt edildiyini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Həbsin inzibati xəta növünün həddini məhkəmə müəyyən edərkən, onun əvvəllər 44 günlük Vətən Müharibəsində iştirakını nəzərə alaraq, onun ən aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. AR İXMnin 31.4-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar