Məhkəmə qərarları › İş №3(125)-656/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-656/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-656/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Platin-N MMC-də ambardar işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatda bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə piyada hərəkətdə olan zaman, Universal mağazasını təxminən 200 metr şəhər istiqamətində getmişdir ki, sol tərəfi ilə hərəkətdə olan Reno Megane markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi sol ayağının diz nahiyəsinin aşağı arxa hissəsinə vurmuş, sonra isə dayanmayıb hərəkətini davam etdirib oradan uzaqlaşmışdır. Həmin avtomobili fit verib saxlatmaq istəsə də, avtomobilin sürücüsü ona heç bir əhəmiyyət verməyərək oradan uzaqlaşıb getmişdir. O isə ayağı ağrıdığı üçün yerdə oturmuşdur. Hadisə zamanı sol ayağının diz nahiyəsinin aşağı arxa hissəsindən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2004-cü ildən BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Reno Megane markalı **-DN-*** d.q.n.n-lı avtomobil şəxsi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində həmin avtomobillə ünvan 2 ünvana getmiş, ancaq həmin yol boyu yol ilə gedən hər hansı bir piyadanı görməmiş və hər hansı bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Adı ona sonradan məlum olan Murğuz Misirovu ümumiyyətlə görməmiş və tanımır. Murğuzun dedikləri tamamilə şər və böhtandır. Çünki, yolun hərəkət hissəsində o, heç bir piyada görməmiş, nə də idarə etdiyi avtomobillə heç bir piyadanı vurmamışdır. Belə bir hadisə olsa idi o, dərhal avtomobili saxlayardı. Digər tərəfdən zərər çəkmiş şəxsi avtomobil ilə vurmuş olsa idi avtomobilinin ön tərəfi əzilmiş olmalı idi. Lakin, onun avtomobilinin heç bir tərəfindən piyadanın vurulmasına dair hər hansı formada əzik yoxdur. Zərər çəkmiş şəxsin ayağındakı xəsarəti hansı şəraitdə almış olması qeyri-müəyyəndir. Zərər çəkmiş şəxs ona şər ataraq ondan pul almağa çalışır. Odur ki, onun heç bir təqsiri olmadığına görə barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X11 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Təhqiqat araşdırma zamanı Şəxs izahatında da özünü təqsirli bilməmiş, idarə etdiyi Renault Megan markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Əziz Əliyev küçəsi ilə yaşadığı B.Əliyev küçəsi istiqamətində getsə də, həmin vaxt yolun hərəkət hissəsində heç bir piyadanı görmədiyini və idarə etdiyi avtomobillə heç bir piyadanı vurmadığını, zərər çəkmiş Murğuz Misirovun dediklərinin şər böhtan olduğunu bildirmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1665 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmişdir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində ayıq vəziyyətdə və sürücülük hüququ əsasında idarə etdiyi Reno Megane markalı **-DN-*** dövlət qeydiyyat nömrə nışanlı avtomobillə Gəncə şəhəri Ə.Əliyev prospekti ilə hərəkətdə olan zaman “X8” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yaşayış zonasında hərəkət etmə qaydalarına riayət edərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş və həmin vaxt yolun sağ kənarı ilə hərəkətdə olan piyada X2 vuraraq ona sol baldır nahiyəsinin yumşaq toxumalarının hemotoma halında əzilməsi xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs idarə etdiyi “Reno Megane” markalı **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində piyada X3 xəsarət yetirməsi ilə bağlı heç bir “mötəbər sübut” göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Yalnız zərər çəkmiş şəxs izahatında inzibati xəta haqqında protokolda qeyd edilən hadisənin Şəxs tərəfindən törədilməsini bildirmişdir. Şəxs isə həm təhqiqat araşdırması zamanı, həm də məhkəmə iclasında bir mənalı olaraq inzibati xəta haqqında protokolda qeyd edilən hadisəni törətmədiyini bildirmişdir. Belə olan vəziyyətdə, hadisənin həqiqətən də Şəxs tərəfindən törədilməsini demək üçün üçün bunu təsdiq edən digər mötəbər sübutlar (videogörüntü və s.) mövcud olmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək hadisənin videogörüntüsü tələb edilsə də, hadisənin videogörüntüsünün olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə-tibbi ekspertizasının rəyində zərər çəkmiş şəxsin ayaq sahiyyəsində yüngül xəsarətin olması qeyd edilsə də, bu hal Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq etmək üçün kifayət deyil. Zərər çəkmiş şəxs həmin xəsarəti qeyd edilən tarixdə baş bir səbəbdən də almış ola bilərdi. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar