Məhkəmə qərarları › İş №3(125)-659/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-659/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-659/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs idarə etmə hüququ olmadan, atomobilin ön dövlət qeydiyyat nişanı olmadan və xx.xx.2022-ci il tarixdə barəsində eyni xətaya yol verdiyi üçün görülmüş tədbirlərdən heç bir nəticə çıxarmayaraq xx.xx.2022-ci il tarixdə 20DU099 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, onu saxlayan YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmiş, ondan sakitləşməsini tələb edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və Gəncə şəhəri Narkoloji Dispanserində ondan götürülmüş analizdə narkotik maddə qəbul etdiyi məlum olmuşdur. Məhkəmə iclasında polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə H.Əliyev prospektində Şəxs **-DU-*** dövlət qeydiyyat nişanlı, VAZ 2121 markalı avtomobili üzərində dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyi üçün Gəncə şəhəri BPİ-nin DYPŞ-nin ƏYPX-nin inspektoru, polis baş serjantı İslam Əliyev tərəfindən saxlanılmışdır. Bu zaman Şəxs qəfildən avtomobili idarə edib oradan uzaqlaşmış, bu vaxt polis əməkdaşları süni tıxac yaratmaqla Şəxs idarə etdiyi avtomobilin hərəkətinə mane olaraq saxlamışlar. Həmin vaxt Şəxs polisin qanuni tələbinə tabe olmayaraq nizamsız hərəkətlərinə davam etmiş və polis əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Bundan sonra isə Şəxs Gəncə şəhəri Narkoloji Dispanserdə müayinə olunan zaman sonuncunun narkotik vasitə olan marixuananı qəbul etməklə, idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. Toplanmış materialda Şəxs əmlində cinayət tərkibi əlamətləri aşkar edilmədiyindən həmin fakta dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, inzibati protokol tərtib edilməsi üçün polis şöbəsinə göndərilmişdir. Bununla da Şəxs İXM-in 206, 334.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini qismən etiraf edərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixində saat 12 radələrində ona məxsus VAZ 2121 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri 3 saylı xəstəxanadan “Səbiskar” qəbirsanlığı istiqamətində hərəkətdə olan zaman yolun əks istiqamətindən **-YP-*** dövlət qeydiyyat nişanlı Gəncə şəhər DYPŞ-ə məxsus avtomobil qaşısından keçmişdir. Onun avtomobilinin ön hissəsi zədəli olduğu üçün o, ön tərəfindəki nömrə nişanını taxmamış, lakin arxa nömrə nişanı avtomobilin üzərində olmuşdur. O, bilmişdir ki, Gəncə şəhər DYPŞ-nin rəisi Eldəniz onun avtomobilini saxlatdıracaq. Bu zaman başqa bir DYPŞ avtomobili onun arxasınca gəlmiş və ona saxla işarəsi vermiş, o, da avtomobili sağa çəkərək saxlamışdır. Daha sonra tanıdığı DYPŞ əməkdaşı olan İslam ona yaxınlaşaraq rəisin göstərişi olduğunu, avtomobilinin cərimə meydançasına getməli olduğunu bildirmişdir. O, da bu an əsəbləşmiş və həmin polis əməkdaşına tabe olmayaraq avtomobili işə salıb DYPŞ rəisi Eldənizin arxasınca maşınını döndərərək sürmüşdür. Biraz getdikdən sonra Eldənizin içərisində olduğu **-YP-*** dövlət qeydiyyat nişanlı DYPŞ avtomobilinə çatmış və yanında saxlamışdır. Bu zaman o, maşında olan Eldənizə niyə onu saxlatdırdığını, harda görsə onu saxlatdırdığını irad tutmuşdur. Bundan sonra başqa bir DYPŞ əməkdaşı ona yaxınlaşıb onun avtomobilinin sükanı arxasına keçmiş və avtomobil ilə birlikdə onu DYPŞnin cərimə meydançasına apararaq maşınını cərimə meydançasına salmışlar. O, əsəbi olduğu üçün biraz qışqırmış, özünə xəsarət yetirməyə məcbur etdiklərini ətrafda olan polis əməkdaşlarına demişdir. Bu zaman PPX maşını gəlmiş, onu PPX maşını ilə Gəncə şəhər 4-cü polis şöbəsinə gətirmişlər. Orada narkoloji dispanserin həkimi çağırılmış və onu testdən keçirmişlər, nəticədə onda narkotik vasitə olan marixuana istifadə etməyi aşkar olunmuşdur. O, 10 gün bundan qabaq “nəşə” marixuanadan istifadə etmiş, onun nə üzərində, nə də ki, başqa bir yerdə marixuanası yoxdur. O, həmin marixuananı yaşadığı evin yaxınlığında yerdən tapmışdır. O, arabir marixuana istifadəçisi olduğu üçün yerdən onu tapdıqda özü ilə götürmüş və bir neçə saat sonra siqaret kimi tütünə dolduraraq çəkmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmur, nə də kiməsə pay da verməmişdir. DYPŞ əməkdaşları onu saxladıqdan sonra o, bir anlıq əsəbləşmiş və buna görə də maşını işə salaraq Eldənizin arxasıyca sürmüşdür. Sonra polislər onu məcburi polis idarəsinə aparmışlar, orada o, izahat vermiş, narkotik aludəçisi olduğunu bildirmişdir. Sonda o, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş - xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 206, 334.2, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan inzibati icrat açılması üçün qərar Gəncə şəhəri 1-ci PŞ-nin İTB-ə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 sentyabr 2022-ci il tarixli 1459 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab şəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - 28 sentyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Şəxs sidiyində “THC” (marixuana) aşkar edilmişdir. - xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 339.1-1, 334.1, 342.7, 332.1, 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 500 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 206, 334.2, 342.1.3, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 206, 334.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması, narkotik vasitəni istehlak etməsi və il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi üçün inzibati tənbeh aldıqdan sonra eyni əməli yenidən törətməsi, beləliklə də Azərbaycan Respublikası İXM-in 206, 334.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməllər həmin maddələrlə düzgün tövsif olunmuşdur. Buna görə də X2 İXM-in 206, 334.2, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib tənbeh olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in dörd müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 334.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar