Məhkəmə qərarları › İş №3(125)-664/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-664/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-664/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, 12 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, 27 yanvar 2025-ci il tarixdə, Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi Avtomobil yolunun sol tərəfi ünvanında Şəxs fəaliyyət göstərdiyi obyektdə İXM-nin 602.4-cü maddəsinin tələblərini pozaraq yoxlamaya şərait yaratmamışdır. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolun məznununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs çıxışında yoxlama keçirilən zaman yoxlamanın keçirilməsinin səbəbini başa düşmədiyini bildirərək məhkəmədən bağışlanmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Operativ vergi nəzarətinin keçirilməsi haqqında **********9411 saylı, 27 yanvar 2025-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi Şəxs Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi Avtomobil yolunun sol tərəfi ünvanda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Şəxs ünvanladığı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9475 nömrəli tələbnamədən görünür ki, Şəxs yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan qaimə-faktura, elektron qaimə faktura və digər zəruri sənədləri təqdim edilməsi tələb edilmişdir. - 27 yanvar 2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs məxsus Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi Avtomobil yolunun sol tərəfi ünvanında plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 602.4cü maddəsinin tələblərini pozaraq, tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələrinə xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi Avtomobil yolunun sol tərəfi ünvanda operativ vergi nəzarəti tədbirləri həyata keçirmək istədikdə obyektdə olan malların sayılmasına, alış-satış qiymətlərinin müəyyən edilməsinə şərait yaradılmamış, izahat verməkdən və sənədləri imzalamaqdan imtina edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar