Məhkəmə qərarları › İş №3(125)-669/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-669/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-669/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının, Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1-ci qrup əlil, Gəncə şəhəri, 2 mkr, ev 21, mənzil 9-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 327.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Gəncə şəhər Baş Polis İdarəsinin X5 şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 327.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Gəncə şəhərində idarə etdiyi “BMW” minik markalı, 20EJ522 dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr hərəkətlər edərək avtoxuliqanlıq əməli törətmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 511.1.3, 327.4, 327.2-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş X2 hadisə yerini müayinə etdiyini və orda təkər izlərinin aşkar edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Gəncə şəhəri, Mərkəzi Univermağın qarşısında avtoxuliqanlıq əməli törətmişdir. Bununla belə əməlindən peşman olduğunu, bir daha eyni hərəkətə yol verməyəcəyini, 1-ci qrup Qarabağ əlili olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəllər avto qəza törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Sadəcə kefi olmadığı üçün bu hərəkəti edib. Ayağının biri yoxdur. Digər ayağı isə zədəlidir. Əlilliyi ilə əlaqədar Oka nəqliyyat vasitəsi verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə əlavə edilmiş video görüntülərdən görünür ki, “BMW” minik markalı 20EJ522 dövlət qeydiyyat nişanlı avtombil ilə Mərkəzin Univermağın qarşısında yolun səthində çoxsaylı təkər izləri buraxaraq dairə yaratmışdır. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən və elektron çıxarışdan görünür ki, Şəxs 1-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi müəyyən olunmamışdır və onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İş materillarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Şəxs Gəncə Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 511.1.3-cü maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin 511.1.3-cü maddəsi sanksiyası çərçivəsində törətdiyi inzibati xətaya görə əlavə tənbeh kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi də nəzərdə tutulmuşdur. Lakin bu məcəllənin 27.3-cü maddəsində qeyd olunmuşdur ki, Məcəllənin 327.8-ci, 333-cü, 333-1-ci, 342.8-ci, 343-cü və 343-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 1-ci qrup Qarabağ əlilidir. Bu səbəbdən də Şəxs əlilliyi ilə əlaqədar nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi əmələ görə səmimi peşmançılığını, 1-ci qrup Qarabağ əlili olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişiklik edilmiş və Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Belə ki, İ, İİ və İİİ dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Belə olan vəziyyətdə, Qaydalara əsasən Şəxs orqanizm funksiyalarının 81-100 faiz nisbətində pozulması müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər hamilə qadınlar, himayəsində üç yaşınadək uşağı olan qadınlar, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, pensiya yaşına çatmış qadın və kişilər, hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, ona əlavə təyin edilmədən əsas tənbeh kimi həmin maddədə nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 700 (yeddi yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar