Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-672/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə şəhəri BPİ-nin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs 09 sentyabr 2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda Gəncə şəhəri, Nizami prospektində, Gəncə Mall ticarət mərkəzinin qarşısında, Heydər Əliyev prospektində, dəfələrlə Chevrolet Cruze markalı 77PH563 dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman avtomobili sürətləndirməklə təkərlərini yerin səthi ilə sürtülməsilə avtomobili öz oxu ətrafında dövr etdirərək təhlükəli manevrlər etməklə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, son zamanlar məişət problemləri onu psixolji baxımdan gərginləşdirmişdir. Ona görə də gecələr avtoxuliqanlıq edərək özünü bu yolla sakitləşdirir. Barəsində olan inzibati xəta haqqında protokol üzrə özünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilir. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Gəncə şəhər DYPŞ-in polis mayoru X3 bildirdi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs gecə saatlarında dəfələrlə ictimai qaydanı avtoxuliqanlıq edərək pozmuş, bu hərəkətləri iş materiallarına əlavə edilmiş videoyazılarda öz əksini tapmışdır. Barəsində icraat aparılan şəxsin inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nın rəisi polis polkovnik-leytenantı Eldəniz Həsənov tərəfindən verilmiş Arayışdan görünür ki, Şəxs oğunun sürücülük hüququ məhdudlaşdırıldığından onun sürücülük hüququ yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli Qərardan görünür ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD diskə əlavə edilmiş videofayllara baxılması zamanı müəyyən edildi ki, Şəxs müxtəlif vaxtlarda, Gəncə şəhərinin müxtəlif yerlərində avtoxuliqanlıq hərəkətləri törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun şəxsiyyətini, yol verilən inzibati xətanın növünü və ictimai təhlükəliliyini nəzərə alır və eləcə də Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsə alınmanın əvvəli 04 oktyabr 2022-ci il tarixdən, saat 12:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 oktyabr 2022-ci il tarixdən, saat 12:10-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri Bаş Pоlis İdаrəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 9 saylı Gəncə RQİ və TBŞ-nə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-672/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-672/2022
04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver